Cümə 26.04.2024

Böyük Dəbilqə: 8 cüdoçumuz mübarizəyə başlayır

Böyük Dəbilqə: 8 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə ilin ikinci Böyük Dəbilqəsi start götürəcək. Ölkəmiz bu mötəbər yarışda 17 tatami ustası ilə təmsil olunur. İlk yarış günündə 8 cüdoçumuz mübarizəyə qoşulacaq. Kişilərdə 60 və 60 kq, qadınlarda isə 48, 52 və 57 kq çəki dərəcələrində qaliblər bəlli olacaq.

60 kq-da Kəramət Hüseynov ilk görüşündə Pedro Nayr Qarsiya (Anqola) ilə, eyni çəkidəki Oruc Vəlizadə Dilmer Kalle (Peru) ilə üz-üzə gələcək.

66 kq-da mübarizə aparan Orxan Səfərov və Nicat Şıxəlizadə ilk döyüşlərində müvafiq olaraq Denis Vieru (Moldova) və İmad Bassu (Mərakeş) ilə qarşılaşacaqlar.

Qadınlardan 48 kq çəkidəki Aişə Qurbanlı 1/16 finalda Yeonju Oh (Cənubi Koreya) ilə, Leylа Əliyeva (hər ikisi 48 kq) isə 1/32 finalda Luz Alvarezlə (Kolumbiya) münasibətlərinə aydınlıq gətirəcək.

52 kq-da Gültac Məmmədəliyeva (52 kq) 1/32 finalda Amber Rihöllə (Belçika) üz-üzə gələcək. Nəhayət, 57 kq-da Aleksandra-Larisa Florian 1/16 finalda Mariya Skora (Ukrayna) ilə görüşəcək.

Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 23-də yekun vurulacaq. Turnirin medal döyüşləri "CBC Sport"la canlı yayımlanacaq.