Şənbə 20.04.2024

Cüdoçularımız Polşada 3, Türkiyədə 4 medal qazandılar

Cüdoçularımız Polşada 3, Türkiyədə 4 medal qazandılar

Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə Avropa açıq kuboku yarışı başa çatıb. Beynəlxalq turnirdə mübarizə aparan cüdoçularımız üç medal qazanıblar.

Azərbaycan Cüdo Federasiyasının verdiyi xəbərə görə, kişilər arasında 90 kiloqram çəki dərəcəsində yarışan Rüfət İsmayılov və ən ağır çəkidə mübarizə aparan Şahin Qəhrəmanov (+100 kq) yalnız final qarşılaşmasında uduzaraq gümüş medala layiq görülüblər. Komandamızın digər üzvü Yaşar Nəcəfov (-60 kq) Avropa kubokunun bürünc medalına sahib olub. Qeyd edək ki, Varşava turnirində 40 ölkədən 407 cüdoçu yarışıb.

Antalyada isə yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı keçirilib. Beynəlxalq turnirdə mübarizə aparan yeniyetmələrdən ibarət cüdo millimiz aktivinə 4 medal yazdırıb.

Oğlanların mübarizəsində Murad Gülməmmədov (-50 kq) yalnız final görüşündə uduzaraq gümüş medala sahib olub. 60 kq çəki dərəcəsində yarışan Seymur Məcidli bürünc medala layiq görülüb. Cüdoçu qızlarımız da Avropa kubokunda iki medal əldə ediblər. Millimizin üzvləri Lətifə Abbasova (-48 kq) və Nərmin Əmirli (+70 kq) bürünc medal qazanıblar.

Beləliklə, Azərbaycan cüdoçuları Antalya turnirində 1 gümüş, 3 bürünc medala sahib olublar.