Cümə 29.03.2024

UEFA Millətlər Liqasının püşkü atılır

UEFA Millətlər Liqasının püşkü atılır

Bu gün UEFA Millətlər Liqasının 2020-2021 mövsümünün püşkatma mərasimi keçiriləcək. Bakı vaxtı ilə saat 21-də başlayacaq tədbir “CBC Sport”la canlı yayımlanacaq. Niderlandın paytaxtı Amsterdamda təşkil ediləcək mərasimdə Azərbaycan millisinin rəqibləri bəlli olacaq.

Bu il Millətlər Liqası yeni formatda olacaq ki, bu da öz növbəsində ötən illə müqayisədə divizionların tərkibinin dəyişməsinə gətirib çıxarıb. 2020-21 mövsümündə ilk üç – A, B, C divizionunun hərəsində 16 komanda mübarizə aparacaq. D divizionunda isə ən zəif 7 yığma çıxış edəcək.

Hərçənd, 2018-19 mövsümündə ilk iki liqanın hərəsində 12, C liqasında 15, D liqasında 16 komanda mübarizə aparmışdı.

Bu islahatlar yığmamıza da təsir edib. Millimiz D liqasında çıxış edib, qrupunda 2-ci olduğu üçün yenidən həmin divizionda çıxış etməliydi. Lakin islahatlar sayəsində millimiz C liqasına yüksəlib. Yığma komandamız Qazaxıstan, Moldova və Ermənistan seçmələri ilə birlikdə C liqasında 4-cü səbətdə qərarlaşıb. Ümumiyətlə, səbətlərin tərkibi belədi:

A liqası: Portuqaliya, Niderland, İngiltərə, İsveçrə, Belçika, Fransa, İspaniya, İtaliya, Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç, Xorvatiya, Polşa, Almaniya, İslandiya

B liqası: Rusiya, Avstriya, Uels, Çexiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya

C liqası: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus, Kipr, Estoniya, Sloveniya, Litva, Lüksemburq, Ermənistan, Azərbaycan, Moldova, Qazaxıstan

D liqası: Cəbəllütariq, Farer adaları, Latviya, Lixtenşteyn, Andorra, Malta, San-Marino

Reqlamentə əsasən, A liqasının qrup qalibləri final mərhələsində mübarizə aparmaq hüququ qazanacaqsa, sonuncuları B liqasına gedəcək.

B liqasında 1-ci yer sahibləri A liqasına yüksələcəksə, sonuncu 4 komanda C liqasına yuvarlanacaq.

Azərbaycan millisinin də çıxış edəcəyi C liqasında qrup birinciləri B liqasına yüksəlmək hüququ qazanacaq. Sonuncu yer tutan 4 yığma pley-offda D liqasına düşən 2 uğursuzu müəyyənləşdirəcək. Bu iki komandanı D liqasında qrup qalibi olanlar əvəzləyəcək.

Qeyd edək ki, Millətlər liqasının oyunları bu ilin 3-5 sentyabr ayında start götürüb, gələn ilin 2-6 iyun aralığında keçiriləcək final mərhələsinin oyunları ilə başa çatacaq.