Çərşənbə 24.04.2024

Arteta və Odoi koronavirusa yoluxdu, 121 "Yuventus"lu karantində

Arteta və Odoi koronavirusa yoluxdu, 121 "Yuventus"lu karantində

"Arsenal”ın baş məşqçisi Mikel Arteta koronavirusa yoluxub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

London təmsilçisindən verilən açıqlamada bildirib ki, klubun bazası bağlanıb və son zamanlar ispan mütəxəssislə təmasda olmuş əməkdaşlar karantinə yerləşdirilib.

Klubun məşqçi qərargahının yerləşdiyi yerlərdə dezinfeksiya işləri görüləcək və Arteta ilə təmasda olmayanlar yaxın vaxtlarda öz vəzifələrinin icrasına qayıdacaqlar.

İngiltərənin digər təmsilçisi "Çelsi"nin futbolçusu Kallum Hadson-Odoi də koronavirusa yoluxub. Klubun saytının verdiyi xəbərə görə, yaxın vaxtlarda 20 yaşlı hücumçu ilə təmasda olanlar karantinə alınacaq.

Bunlara ilk olaraq komandanın əsas heyəti, məşqçilər və klubda çalışanlar daxildir.

"Yuventus"un əməkdaşları isə könüllü karantinə yollanıb. Bu qərar “Yuventus”un futbolçusu Daniele Ruqaninin koronavirusa yoluxmasından sonra qəbul olunub.

Ümumilikdə 121 əməkdaş arasında klub prezidenti Andrea Anyelli başda olmaqla rəhbərlik, futbolçular, komanda personalı və digər şəxslər yer alıb. Onlar səhiyyə orqanlarının tələblərinə uyğun olaraq, evdə könüllü karantin keçəcəklər.

Turin klubunun ulduz futbolçusu Kriştiano Ronaldo isə hazırda vətəni Portuqaliyada karantinə alınıb. O, təhlükəsizlik səbəbindən həkim nəzarəti altına götürülüb.