news-details
Xəbərlər

Formula 1 üzrə Azərbaycan Qran-Prisi təxirə salındı - YENİLƏNİB

Bir neçə gün öncə koronavirus pandemiyası səbəbindən Formula-1 üzrə daha 3 qran-prinin baş tutmayacağı açıqlanmışdı. Niderland (1-3 may), İspaniya (8-10 may) və Monako (21-24 may) yarışları qeyri-müəyyən müddətədək təxirə salınıb.

Mövsümə ən yaxşı halda Azərbaycanda (5 -7 iyun) start veriləcəyi qeyd olunmuşdu. İtaliyanın "Motorsport" nəşri isə yazır ki, Bakıdakı yarış da təşkil olunamaya bilər.

Məlumatda bildirilir ki, F1 rəhbərliyi səviyyəsində sonuncu video-konfransda Azərbaycan tərəfi indiki vəziyyətdə yarışın təşkil edilməsinin məqsədəuyğun olmadığını ifadə edib. Xəbərdə həmçinin qeyd edilib ki, pandemiya ilə bağlı vəziyyət düzəlməsə, qran-pri ləğv olunacaq.

Mövsümün ilk yarışı olan Avstraliya Qran-prisinin 13-15 martda Melburn şəhərində keçirilməsi planlaşdırılırdı.

------------------------------------------

"Formula 1" üzrə Azərbaycan Qran-prisi təxirə salınıb. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmi açıqlamasında bildirilib.

Qərar "Formula 1", Beynəlxalq Avtomobil İdmanı Federasiyası (FIA) rəhbərliyi və Azərbaycan hökuməti ilə geniş müzakirələrdən sonra qəbul olunub və qlobal pandemiya koronavirusu ilə əlaqələndirilib:

"Əsas qayğımız Azərbaycan xalqının, eləcə də Azərbaycan Qran-prisinə gələn azarkeşlərin, komandaların məkdaşlarının və çempionat iştirakçılarının sağlamlığı və rahatlığıdır. Dünyanın ən yaxşı maşın yarışının iyunda Bakı küçələrində keçirilməyəcəyindən təəssüfünüzü bölüşürük. Yeni, daha gec tarixi elan etmək üçün vəziyyəti öyrənməkdən ötrü "Formula 1" rəhbərliyi, FIA və Azərbaycan hökuməti ilə sıx əməkdaşlığı davam etdirəcəyik".

O da vurğulanıb ki, satılmış bütün biletlər əlavə heç bir formallıq olmadan qüvvədə qalacaq. Qran-prinin yeni tarixi təsdiqləndikdən sonra bütün azarkeşlər bu barədə məlumatlandırılacaqlar.

Digər xəbərlər