Çərşənbə axşamı 19.03.2024

Koronavirusa görə FIFA-dan mühüm təkliflər

Koronavirusa görə FIFA-dan mühüm təkliflər

FIFA koronavirus pandemiyası ilə əlaqədar dünya futbolunda yaranmış durğunluqla əlaqədar bəzi suallara cavab gətirəcək təkliflər verib. Danılmaz faktdır ki, koronavirus pandemiyası açıq şəkildə klub gəlirlərinə ciddi təsir göstərəcək. İqtisadiyyatın digər sahələri kimi futbolda da yaranacaq maliyyə problemlərindən çıxış yolu kimi ali futbol qurumu klubları və oyunçuları həll yolu tapmaq üçün birlikdə çalışmağa çağırır.

FIFA-nın əsas təkliflərindən biri futbolçu və məşqçilərlə müqavilələrin taleyi ilə bağlıdır. Belə ki, qurum futbolçu və məşqçilərlə anlaşmaların bütün çempionatlarda mövsüm bitənə qədər uzadılmasını təklif edir. Bu o deməkdir ki, müqaviləsinin müddəti bu ilin yayında bitən futbolçularla sözləşmələrin vaxtı mövsüm bitənə qədər artırılacaq.

Oxşar qərar yeni müqavilələrə də aiddir. Bəzi futbolçular var ki, hazırda başqa klublarla erkən müqavilə bağlayıblar və həmin anlaşmalar iyulun 1-dən etibarən qüvvəyə minməli idi. Amma həmin müqavilələr də hər ölkədə yeni mövsümə start veriləndən sonra qüvvəyə minəcək.

Mövsümlər və qeydiyyat tarixləri üst-üstə düşdükdə və tərəflər razılığa gələ bilmədikdə milli liqaların başa çatmasını təmin etmək üçün üstünlük futbolçuların hazırda çıxış etdikləri klublara veriləcək. FIFA həmçinin milli çempionatlarda "transfer pəncərələri"nin başlama və bitmə vaxtlarını dəyişdirməyə icazə verəcək.