Cümə 29.03.2024

Koronavirusa qalib gələn Maldini yaşadıqlarını danışdı

Koronavirusa qalib gələn Maldini yaşadıqlarını danışdı

"Milan"ın əfsanəvi kapitanı, hazırda doğma klubunun idman direktoru vəzifəsində çalışan Paolo Maldini koronavirus pandemiyasına yoluxması haqqında danışıb.

"Sky Sport" kanalında Françesko Totti, Alessandro Del Pyero və Xavyer Zanettinin də qatıldığı proqramın qonağı olan İtaliya millisinin sabiq müdafiəçisi bunları söyləyib:

"Hər bir idmançı özünü, bədənini tanıyır. Mən də keçmiş futbolçu kimi öz bədənimə bələdəm. Həmin andaca bunun normal qrip olmadığını, fərqli xəstəlik olduğunu anladım.

Bu, yeni bir virusdu və vücudunuz tanımadığı bir düşmənə qarşı mübarizə aparır. Xüsusilə sümük və əzələlərdə şiddətli ağrılar olurdu. Temperatur 38,5 dərəcədən artıq olmurdu. Müalicə dövründə yalnız parasetamol qəbul edirdim. Təngənəfəslik isə olmurdu.

Xüsusilə ağrılar çox güclü idi. Məşq etmək üçün idman zalına getsəm də, 10 dəqiqədən çox çalışa bilmirəm. Bu virusu mümkün olan ən qısa zamanda məğlub etməliyik. Bunun da tək yolu bir olmağımızdan ibarətdi. Yalnız bu halda əvvəlki normal həyatımıza qayıda bilərik".

Xatırladaq ki, "Milan" martın 22-də klubun texniki direktoru Paolo Maldini ilə onun oğlu, 18 yaşlı müdafiəçi Danieldə koronavirus aşkarlandığını açıqlamışdı. Artıq onlar bu virusa qalib gəliblər.