Çərşənbə 08.05.2024

Niderland Erediviziyasında mövsüm ləğv olundu

Niderland Erediviziyasında mövsüm ləğv olundu

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış futbol üzrə Niderland Erediviziyasının taleyinə aydınlıq gəlib. Niderland Futbol Federasiyasının rəsmi saytının yaydığı xəbərə görə, ölkə çempionatında 2019/20 mövsümünün ləğvinə qərar verilib.

Bildirilib ki, çempion elan olunmayacaq və yüksək liqanı heç bir komanda tərk etməyəcək. Yeni mövsüm hazırkı 18 klubun iştirakı ilə başlayacaq.

Avrokuboklara vəsiqələrin sahibi isə turnir cədvəlindəki sıralamaya əsasən müəyyənləşib. “Ayaks” və “AZ Alkmaar” Çempionlar Liqası, "Feyenoord", PSV və "Villem II" Avropa Liqasında mübarizə aparacaq.

Qeyd edək ki, Niderland Erediviziyası martın 12-də koronavirus pandemiyası səbəbindən dayandırılıb. Yekun sıralamaya əsasən, “Ayaks” və “AZ Alkmaar” 56 xalla zirvəni bölüşürdü.