• Çərşənbə axşamı, 29 Sentyabr 2020
news-details
Xəbərlər

PFL Azərbaycan Premyer Liqasının bərpa vaxtını açıqladı

Xüsusi karantin rejimi 4 may saat 00:00-da başa çatacağı təqdirdə, Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə keçirilən yarışların bərpası planlaşdırılır.

Bu barədə Peşəkar Futbol Liqasının (PFL) yaydığı bəyanatda bildirilir. Rəsmi açıqlamada qeyd olunur ki, UEFA, FİFA, EPFL və digər beynəlxalq futbol qurumlarının tövsiyələri, AFFA, klublarımızla aparılan müzakirələr və yarışların bitməsi üçün müəyyənləşdirilmiş mümkün tarixlər nəzərə alaraq, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpa olunması nəzərdə tutulur.

Aparılan müzakirələrə uyğun olaraq, Peşəkar Futbol Liqasının qərarına əsasən, Premyer Liqa oyunları başa çatdıqdan sonra Azərbaycan Kubokunun yarımfinal və final oyunları keçiriləcək.

Kubokun təqvimində dəyişikliyə əsas səbəb klubları onsuz da sıx olan təqvimdən qorumaq, kubokda iştirak etməyən klubların cari mövsümü erkən bitirərək növbəti mövsümə daha yaxşı hazırlaşmasına şərait yaratmaqdır. Azarkeşsiz keçiriləcək Premyer Liqa, I Divizion və Azərbaycan Kubokunun yeni təqvimi ilə bağlı qurumun saytında məlumat yerləşdiriləcək.

Bəyanatda o da bildirilir ki, xüsusi karantin rejimi ilə bağlı mövcud vəziyyət hər hansı şəkildə dəyişəcəyi təqdirdə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul edəcəyi qərarlara uyğun olaraq Peşəkar Futbol Liqası tərəfindən müvafiq qərarlar qəbul oluna bilər.

Digər xəbərlər