news-details
Xəbərlər

E-Milli Liqanın püşkü atıldı

Azərbaycanda ilk dəfə olaraq, ölkənin bütün rəsmi futbol çempionatlarında təmsil olunan klublar kiber sahəsində “ən güclü” adı uğrunda mübarizə aparacaqlar.

AFFA və “Sport Marketing Group” şirkətinin əməkdaşlığı, “CBC Sport”un informasiya dəstəyi ilə EML kiber futbol Liqası başlayır. EML-də ölkəmizin bir çox futbol klubları (PFL, 1-ci Divizion, Futzal, Çimərlik Futbolu, Region Liqası, Qadın Futbol Liqası və s.) çıxış edəcəklər.

"CBC Sport"la canlı yayımlanan püşkatma mərasiminin nəticəsinə əsasən, 28 komanda hər birində 4 komanda olmaq şərtilə 7 qrupa bölünüb.

Turnirin açılış oyununda iki Premyer Liqa klubunun təmsilçisi qarşılaşacaq: “Qarabağ” – “Səbail”. Oyun mayın 25-də, saat 20:00-da başlayacaq.

Hər komandanı azarkeşləri arasından seçilmiş və ya müəyyən bir klubu təmsil etmək istəyini ifadə edən oyunçu təmsil edir.

EML Futbol Turniri avqustun ortalarına qədər davam edəcək. Qaliblər pul mükafatı, EML beynəlxalq (Avropa və Asiya liqalarının klubları ilə birlikdə) və UEFA klub E-turnirlərində iştirak etmək imkanı qazanacaqlar.

UEFA-nın təşkil etdiyi müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcək ölkənin rəsmi kiber futbol komandası ən yaxşı EML oyunçularından formalaşdırılacaq.

Digər xəbərlər