Cümə 19.04.2024

Azərbaycanın ən güclü şahmatçıları “İpək Yolu Kuboku”nda

Azərbaycanın ən güclü şahmatçıları “İpək Yolu Kuboku”nda

26 may Gürcüstanın Müstəqillik günü və 28 may Azərbaycanın Respublika günü münasibətilə keçiriləcək İpək Yolu Kubokunda ümumilikdə 54 şahmatçı mübarizə aparacaq.

Azərbaycan yarışda geniş heyətlə təmsil olunacaq. Turnirə əmsala görə ən güclü şahmatçılar - Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Eltac Səfərli eləcə də Nicat Abasov, Nicat Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Misrətdin İskəndərov, Namiq Quliyev, Rəsul İbrahimov, Aydın Süleymanlı, Ülvi Sadıqov, Vüqar Rəsulov, Abdulla Qədimbəyli, Məhəmməd Muradlı, Günay Məmmədzadə, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Gülnar Məmmədova, Toğrul Həsənzadə, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla, Gövhər Beydullayeva və Ayan Allahverdiyeva qatılacaq.

Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF), Gürcüstan Şahmat Federasiyası (GŞF) eləcə də SOCAR-ın təşkilatçılığı ilə keçirilən İpək Yolu Kubokunun təşəbbüskarı Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezidenti Mahir Məmmədovdur.

Yarış playchess.com virtual oyun platformasında keçiriləcək.

Nəzarət vaxtı hər bir şahmatçıya oyunun sonuna qədər 3 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün iki saniyə əlavə olunmaqla müəyyən edilir. 1-7 turlar 26 may 2020-ci il tarixdə saat 15:00-da, 8-15 turlar 28 may 18:00-da başlayacaq.

Yarışın ümumi mükafat fondu 20 min avro təşkil edir. Turnirin qalibi 2500 avro qazanacaq. Bununla yanaşı, qadınlar və 16 yaşadək iştirakçılar arasında ən yüksək nəticəni göstərən şahmatçılar pul mükafatına sahib olacaq.