Şənbə 27.04.2024

Mariya Stadnik ikiqat dünya çempionu oldu

Mariya Stadnik ikiqat dünya çempionu oldu

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında ölkəmizi təmsil edən qadın güləşçi Mariya Stadnik final görüşünə çıxıb.

50 kq çəki dərəcəsində yer alan idmançımızın rəqibi rumıniyalı Emiliya Alina Vuk olub. Görüş təcrübəli güləşçimizin qələbəsi ilə yekunlaşıb.

Bununla da Stadnik karyerasında ikinci dəfə dünya çempionu olub. O, ilk belə uğurunu 2009-cu ildə Almaniyanın Dortmund şəhərindəki mundialda əldə edib. Stadnik həm də 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Hazırda Azərbaycan millisinin aktivində 1 dəst medal var. Daha əvvəl yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib.

Digər qadın güləşçilərdən Elis Manolova (65 kq) bürünc medal uğrunda güləşəcək, Tatyana Omelçenko (59 kq) isə təsəlliverici görüşdə iştirak edəcək.