Cümə axşamı 28.03.2024

UEFA bayrağı altında keçirilən turnirlərlə bağlı qərarlar açıqlandı

UEFA bayrağı altında keçirilən turnirlərlə bağlı qərarlar açıqlandı

UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün qalan hissəsi “8-lər finalı” formatında keçiriləcək. Bununla bağlı UEFA-nın İcraiyyə Komitəsinin iclasından sonra təşkil edilən mətbuat konfransında açıqlama verilib. Qitənin ən nüfuzlu klub turnirinin 1/4 və yarımfinal matçları 12-23 avqust tarixində Portuqaliyada baş tutacaq. Final qarşılaşması isə Lissabon şəhərində təşkil olunacaq. 1/8 final mərhələsinin cavab qarşılaşmaları 7-8 avqusta oynanılacaq. Lakin bu görüşlərin Portuqaliyada, yoxsa həmin komandaların stadionlarında oynanılıb-oynanılmaması hələ dəqiqləşməyib. Əgər 1/8 final görüşləri də Portuqaliyada keçirilsə, o zaman bu ölkənin Gimaraeş şəhəri də siyahıya əlavə ediləcək. 2021-ci ildə Çempionlar Liqası finalı Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda, 2022-ci ildəki həlledici qarşılaşma isə Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı arenada olacaq.

UEFA Avropa Liqasına gəlincə, mötəbər turnirin pley-off qarşılaşmalarının keçiriləcəyi ölkə təsdiqlənib. "8-lər finalı"nın Almaniyanın Köln, Düsseldorf, Duysburq və Gelzenkirhen şəhərlərində keçiriləcəyi bildirilib. Oyunlar avqustun 10-u 21-i aralığında təşkil olunacaq. Final görüşü isə avqustun 21-də Kölndə keçiriləcək. 2021-ci il Avropa Liqasının finalı Polşanın Qdansk şəhərində baş tutacaq.

UEFA 2020/2021 mövsümündə avrokubokların təsnifat və qrup mərhələlərinin oyunlarının təqvimini açıqlayıb. Çempionlar Liqasında yeni mövsüm avqustun 8-də start götürəcək. Avropa Liqasının oyunları isə avqustun 20-də başlayacaq.

Çempionlar Liqasında pley-off, Avropa Liqasında isə qrup mərhələsinədək ev-səfər prinsipi olmayacaq. Azərbaycan təmsilçisi Çempionlar Liqasında mübarizəyə 18/19 avqustda, Avropa Liqasında isə 27 avqustda başlayacaq. Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi müvafiq olaraq oktyabrın 1-də və 2-də Yunanıstanın paytaxtı Afinada təşkil olunacaq.

UEFA Super Kuboku uğrunda oyunun yeri və tarixi də rəsmiləşib. Qarşılaşma sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

UEFA AVRO-2020-nin keçiriləcəyi şəhərləri təsdiqləyib. 12 təşkilatçı şəhərin siyahısında dəyişiklik baş verməyib. Koronavirus pandemiyasına görə təxirə salınan qitə çempionatına Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi edəcək. Oyunlar 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.