Cümə axşamı 25.04.2024

"Qarabağ" Nemanya Matiçin qardaşını transfer etdi

"Qarabağ" Nemanya Matiçin qardaşını transfer etdi

“Qarabağ” növbəti transferini rəsmiləşdirib. Ağdam klubu ötən mövsümü Kipr APOEL-ində keçirən Uroş Matiçi heyətinə qatıb.

Bu barədə klubun sosial şəbəkə hesabında məlumat verilib. Matiçin “Qarabağ” forması ilə fotosu yayımlanıb. 30 yaşlı serb yarımmüdafiəçi yeni komandasında 8 nömrəli formanı geyinəcək. Yarımmüdafiəçi ilə 3 (2+1) illik müqavilə imzalanıb.

Qeyd edək ki, Uroş Matiç 23 may 1990-cı ildə Serbiyada doğulub. Makedoniya əsilli serb futbolçu hazırda İngiltərə "Mançester Yunayted"ində çıxış edən Nemanya Matiçin kiçik qardaşıdır. O, Slovakiyanın "Koşitse" (2009 - 2013), Portuqaliyanın "Benfika B" (2013-2014), Hollandiyanın "NAK Breda" (2014 - 2016), Avstriyanın "Şturm" (2016-2017), Danimarkanın "Kopenhagen" (2017-2018), eləcə də icarə əsasında Avstriyanın "Austriya" (2018-2019) və Kiprin APOEL (2019-2020) komandalarının formasını geyinib.

Matiç 2017-ci ildə Danimarka çempionu və ölkə kubokunun qalibi olub. O, qardaşından fərqli olaraq, Serbiyanın yox, Makedoniyanın əsas millisində oynamağa qərar verib.