Çərşənbə axşamı 19.03.2024

Millətlər Liqasının formatı dəyişdi: Millimiz C liqasına yüksəldi

Millətlər Liqasının formatı dəyişdi: Millimiz C liqasına yüksəldi

UEFA Millətlər Liqasının formatını dəyişib. 2020-21 mövsümündə A, B və C divizionun hərəsində 16 komanda mübarizə aparacaq. D divizionunda isə ən zəif 7 yığma çıxış edəcək. Halbuki 2018-19 mövsümündə ilk iki liqanın hərəsində 12, C liqasında 15, D liqasında 16 komanda mübarizə aparmışdı.

Bu islahatlar milli komandamıza da təsir edib. Əslində yığmamız D liqasında çıxış edib, qrupunda 2-ci olduğu üçün yenidən həmin divizionda mübarizə aparmalıydı. Lakin islahatlar sayəsində millimiz C liqasına yüksəlib.

Gələn il martın 3-də Hollandiyanın paytaxtı Amsterdamda püşkatma mərasimi keçiriləcək. A, B və C liqalarındakı komandalar hərəsində 4 yığma olmaqla 4 qrupa bölünəcək. 7 millinin çıxış edəcəyi D liqasında isə iştirakçılar birində 4, digərində 3 yığma olan iki qrupa ayrılacaq.

Liqaların tərkibi isə belədi:

A liqası: Portuqaliya, Hollandiya, İngiltərə, İsveçrə, Belçika, Fransa, İspaniya, İtaliya, Bosniya və Hersoqovina, Ukrayna, Danimarka, İsveç, Xorvatiya, Polşa, Almaniya, İslandiya

B liqası: Rusiya, Avstriya, Uels, Çexiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya

C liqası: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus, Kipr, Estoniya, Sloveniya, Litva, Lüksemburq, Ermənistan, AZƏRBAYCAN, Moldova, Qazaxlstan

D liqası: Cəbəllütarıq, Farer adaları, Latviya, Lixtenşteyn, Andorra, Malta, San-Marino

Yarışın reqlamentinə görə, A liqasının qrup qalibləri final mərhələsində mübarizə aparacaqsa, sonuncular B liqasına gedəcək. B liqasında da 1-ci yer sahibləri A liqasına yüksələcəksə, sonuncu 4 komanda C liqasına yuvarlanacaq. Millimizin də çıxış edəcəyi C liqasında qrup birinciləri B liqasına yüksəlmək hüququ qazanacaq. Sonuncu yer tutan 4 yığma pley-offda D liqasına düşən 2 uğursuzu müəyyənləşdirəcək. Bu iki komandanı isə D liqasında qrup qalibi olanlar əvəzləyəcək. Bu dəfə DÇ-2022-yə vəsiqələr oynanılmayacaq.

Qrup mərhələsində mübarizə gələn il sentyabrın 3-də start götürüb noyabrın 17-də başa çatacaq. Final mərhələsi isə 2021-ci il iyunun 2-6-sı tarixində keçiriləcək.