Çərşənbə axşamı 23.04.2024

DÇ: Cüdoçularımız fərdi mübarizəni 2 medalla başa vurdular

DÇ: Cüdoçularımız fərdi mübarizəni 2 medalla başa vurdular

Qazaxıstanın Almatı şəhərində yeniyetmələr arasında keçirilən dünya çempionatında fərdi mübarizəyə yekun vurulub. Sonuncu yarış günündə Azərbaycan cüdoçusu Hüseyn Məmmədov medal qazana bilməyib.

90 kq-dan yuxarı çəkidə yer alan 17 yaşlı idmançı bürünc medal uğrunda görüşdə yaponiyalı Mitsuki Suqavaraya uduzub. Suquvara 28 saniyəyə ipponla qalib gəlib.

70 kq-dan yuxarı çəkidəki qadın cüdoçu Nərmin Əmirli isə ilk görüşündə ABŞ təmsilçisi Nataliya Stanoyeviçi üstələsə də, 1/8 finalda qırğızıstanlı Şaxida Narmuxamedovaya uduzaraq, mübarizəni dayandırıb.

Beləliklə, Azərbaycan cüdoçuları fərdi mübarizəni 1 gümüş, 1 bürünc medalla başa vurublar. Həmin medallara müvafiq olaraq, Kamran Süleymanov (60 kq) və Vüqar Talıbov (73 kq) sahib çıxıb.

Qeyd edək ki, sabah Azərbaycan cüdo yığması komandalararası dünya çempionatına qatılacaq. 1/8 final mərhələsində rəqib Çin Taypeyi olacaq. Qalib komanda 1/4 finalda Avstraliya ilə qarşılaşacaq.