Cümə axşamı 18.04.2024

UEFA Millətlər Liqasında yeni mövsüm başlayır

UEFA Millətlər Liqasında yeni mövsüm başlayır

Bu gün UEFA Millətlər Liqasının 2020/21 mövsümü start götürür. 4 liqada və ümumilikdə 14 qrupda təşkil olunan yarışın ilk turu üç gün davam edəcək. Turun ilk oyun günündə 10 qarşılaşma keçiriləcək.

Bu qarşılaşmalar arasında ən diqqətçəkəni isə Ştutqartda, “Mersedes Benz Arena”da keçiriləcək. Almaniya millisi doğma meydanda İspaniya ilə qarşılaşacaq. A liqasının 4-cü qrupunda mübarizə aparan komandalar rəsmi matçlarda sayca 10-cu dəfə üz-üzə gələcəklər. Buna qədərki 9 qarşılaşmanın 4 –də Almaniya, 3-də isə İspaniya sevinən tərəf olub. Bu qarşılaşmaların yalnız ikisində tərəflər sülhə razılaşıblar. Bu qrupun digər matçında Ukrayna seçməsi İsveçrəni qonaq edəcək.

B liqasının üçüncü qrupunda Türkiyə millisi doğma meydanda Macarıstanın müqavimətini qırmağa çalışacaq. Bu matç "CBC Sport"la canlı yayımlanacaq. Qrupun digər qarşılaşmasında Rusiya Serbiyanı qəbul edəcək. Sözügedən liqanın 4-cü qrupunda Bolqarıstan yığması İrlandiya ilə, Finlandiya isə Uels-lə üz-üzə gələcək.

C liqasının üçüncü qrupunda Moldova Kosova ilə, Sloveniya Yunanıstanla qarşılaşacaq. Və nəhayət, D liqasının birinci qrupunda Latviya Andorra ilə, Farer Adaları isə Malta ilə münasibətlərinə aydınlıq gətirəcək.

İlk oyun gününün 9 matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Yalnız Latviya – Andorra oyunu daha tez – saat 20:00-da başlanacaq.