news-details
Xəbərlər

Canni De Byazi: "Sabah yaxşı nəticə üçün meydana çıxacağıq"

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasında sabah Lüksemburq yığması ilə keçirəcəkləri matçla bağlı fikirlərini bölüşüb. İtaliyalı mütəxəssis mətbuat konfransında öncə bunları dilə gətirib:

"Bu, mənim üçün yeni çağırışdır. Dekabrda A Seriyasından təklif almışdım. Qəbul etmədim. Azərbaycanın təklifi daha maraqlı gəldi. Burada uğurlar qazanmaq istəyirəm. Arzu edirəm ki, tezliklə bu qəribə vəziyyət başa çatacaq və öz işimizi rahat görə biləcəyik. Deyə bilmərəm ki, çox işləmişik. Bütün yığmalar kimi normal ritmdə çalışmışıq. 26 gün əvvəl Bakıya gəlmişəm. Köməkçilərimlər gündə 18 saat işləmişik ki, mentalitetə, oyunçulara yaxından bələd olaq. 9 gündə cəmi 12 məşqimiz olub. Uşaqları inandırmaq istəyirəm ki, çox çalışmaqla uğur qazanmaq olar".

Canni De Byazi komandanın heyəti ilə bağlı da danışıb: "Azərbaycana yeni gəlmişəm. İki aydan çoxdur azərbaycanlı futbolçuları analiz edirik. Mənə kimin oynayıb-oynamaması vacib deyil. İlk növbədə onların istəyini bilmək fikrində idim. Müəyyən ideyalarım var. Təəssüf ki, vaxtımız azdır. Sabah yaxşı nəticə üçün meydana çıxacağıq. Bilirsiniz, insan özünü necə sevdirə bilər? Qələbə ilə. Elə komanda yaratmaq istəyirəm ki, futbolçular meydanda bir-biriləri üçün canlarını versinlər. Məqsədimiz qrup birincisi olmaqdır. İlk növbədə futbolçuların mentalitetini düzəltmək, taktiki baxımdan irəliləyişə nail olmaq və istək yaratmaq niyyətindəyəm. Həyatda uğur qazanmağın əsas yolu budur".

Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq matçı saat 20:00-da başlayacaq və "CBC Sport"la canlı yayımlanacaq.

Digər xəbərlər