Şənbə 20.04.2024

"İndiki anda bu hadisələrə ən gözəl cavab baxımlı oyun göstərib qalib gəlməkdir"

"İndiki anda bu hadisələrə ən gözəl cavab baxımlı oyun göstərib qalib gəlməkdir"

UEFA Millətlər Liqası çərçivəsində sabah keçiriləcək Monteneqro – Azərbaycan oyunu öncəsi Azərbaycan milli komandasının mətbuat konfransı təşkil olunub. Baş məşqçi Canni de Byazi və komandanın kapitanı Maksim Medvedev fikirlərini bölüşüb:

Canni de Byazi: “Bilirəm, ölkə olaraq çətin dövr yaşayırıq. Azərbaycan üçün qeyri-adi situasiyadır. Sabahkı oyuna maksimum konsentrasiya olacağıq. Qrup lideri olmaq istəyiriksə, mütləq qalib gəlməliyik. Qrupda yer alan komandalar reytinqdə bizdən üstün olsalar da, inanıram ki, komandam yaxşı oyun göstərəcək və lazım olan nəticəni qazanacaq. Rəqib haqda onu deyə bilərəm ki, geniş heyətə malikdir. Bir çox oyunçuları legioner həyatı yaşayır. Həm gənc, həm də təcrübəli futbolçulardan təşkil olunub. Oyunlarını yaxşı analiz etmişik. İki oyunda qalib gəlsələr də, bu, o demək deyil ki, məğlubedilməzdirlər. Sabah kim az səhv etsə, o da qalib gələcək. Bütün futbolçular ölkədə baş verən hadisələr barədə düşünür. Belə demək mümkünsə, hamısı bir qədər narahatdır. İndiki anda bu hadisələrə ən gözəl cavab baxımlı oyun göstərib qalib gəlməkdir. Bütün dünyanın diqqəti bu oyunda olacaq. Futbolçular qələbə qazanmaqla əsgərlərə dəstək ola bilərlər”.

Maksim Medvedev: “Ölkədəki vəziyyət hamıya məlumdur. Futbolçuların bütün fikri əsgərlərimizin yanındadır. Bura futbol oynamağa gəlmişik. Yaxşı futbol oynamaqla, nəticə qazanmaqla onlara dəstək olmağa çalışacağıq. Rəqibi yaxşı analiz etmişik, oyunlarını izləmişik. Dərk edirik ki, qrupun lideri ilə oynayırıq. Monteneqro millisi müdafiədə inamla oynasa da, son oyunlarda müəyyən boşluqlar buraxdı. Bizdə də rəqib qapısı qarşısında çətin anlar yaşadacaq futbolçularımız var. Baş məşqçinin verdiyi tapşırıqları tam yerinə yetirməliyik”.