Çərşənbə 24.04.2024

De Byazi: "Çalışacağıq ki, situasiyanı öz xeyrimizə dəyişək və məğlubiyyəti unutduraq"

De Byazi: "Çalışacağıq ki, situasiyanı öz xeyrimizə dəyişək və məğlubiyyəti unutduraq"

UEFA Millətlər Liqası çərçivəsində sabah “Elbasan Arena”da keçiriləcək Azərbaycan – Kipr oyunu öncəsi Azərbaycan milli komandasının mətbuat konfransı təşkil edilib. Yığmanın baş məşqçisi Canni De Byazi və komandanın üzvü Qara Qarayev oyunöncəsi fikirlərini bölüşüblər:

Canni De Byazi: “Monteneqro millisi ilə oyunda öz səhvlərimizdən qapımızda qollar gördük və nəticədə məğlub olduq. Sabah çalışacağıq ki, situasiyanı öz xeyrimizə dəyişək və məğlubiyyəti unutduraq. Heyətdə zədəli və cəzalı futbolçuların olması müəyyən dəyişikliklər etməyimizə səbəb olub. Komandanın kapitanı Maksim Medvedev zədəli olduğu üçün oynaya bilməyəcək. Həmçinin, digər zədəli futbolçularımız - Təmkin Xəlilzadə və Əli Qurbaninin oynayıb-oynamayacağı sabah keçiriləcək müayinədən sonra məlum olacaq. Heyətdəki dəyişikliyə gəlincə, cəzalı olan Bədavi Hüseynovun əvəzinə Elvin Bədəlov, Maksimin yerinə isə Azər Salahlı oynayacaq. Oyun sisteminda hər hansı dəyişiklik olmayacaq. Kipr və Monteneqroya qarşı necə oynamışdıqsa, yenə eyni sistemdə mübarizə aparacağıq. Ancaq rəqibdən və oyunun gedişindən asılı olaraq, ehtiyac olarsa, taktiki gedişlərdə dəyişiklik edəcəyik”.

Qara Qarayev: “Monteneqro ilə bizim adət etmədiyimiz vaxtda oynadıq. Meydanın vəziyyəti də istənilən səviyyədə deyildi. Təbii ki, bunlar bəhanə olmamalıdır. Məğlubiyyət futbolçularda narahatlıq yaradıb. Kipr millisi oyuna daha çox diqqət ayırmışıq. Baş məşqçi rəqibi yetərincə analiz edib. Biz də lazım olan məlumatı toplamışıq. Kiprin heytində dəyişiklik var. Əlimizdən gələni edəcəyik ki, sabah qələbə qazanaq. İndiki vəziyyətdə oyuna köklənmək çox çətindir. İstirahət vaxtlarımızda ölkədə və cəbhədə baş verən hadisələri izləyirik. Bu cür məlumatlar əsasında oyuna köklənmək işimizi çətinləşdirir. Çünki bütün fikrimiz cəbhədə mübarizə aparan hərbçilərimizin yanındadır. Onlar canları bahasına orada mübarizə aparırlar. İnanram ki, bu dəfə daha yaxşı motivasiya olacaq və lazım olan nəticəni əldə edəcəyik”.