Çərşənbə 17.04.2024

Qurban Qurbanov: "Vilyarreal"ın asan qol buraxan komanda olduğunu düşünmürəm"

Qurban Qurbanov: "Vilyarreal"ın asan qol buraxan komanda olduğunu düşünmürəm"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında I qrupun II turunda sabah İspaniyanın "Vilyarreal" klubuna qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib. Türkiyənin İstanbul şəhərində "Başakşehir Fatih Terim" stadionunda təşkil edilən mətbuat konfransında əvvəlcə bunları deyib:

"Ölkəmizdən kənarda oynamaq bir az çətindir. Siyasət futbola da təsir edib. Hər bir Azərbaycan vətəndaşı üzərinə düşən vəzifəni yerinə yetirir. Biz də "Qarabağ" komandası olaraq öz vəzifəmizi düzgün yerinə yetirmək niyyətindəyik. Bizim fikrimiz cəhbədə və əsgərlərimizin yanında olsa da, çalışırıq ki, işimizi layiqincə görək. Türkiyədə özümüzü evdə hiss edirik. Bu, bizə böyük üstünlük verir. İnanıram ki, yaxın vaxtda torpaqlarımız geri qayıdacaq və bu cür hallar yaşanmayacaq".

Qurbanov "Vilyarreal"ın ilk turda "Sivasspor"u 5:3 hesabı ilə məğlub etdiyi görüşdən də danışıb: "Maraqlı oyun alındı. Qolların sayı çox olanda azakeş üçün maraqlı olur. Hər komanda qarşılaşmadan sonra öz oyununu analiz edir. Türkiyə liqası bizim çempionatdan yuxarı səviyyədədir. "Vilyarreal"ın asan qol buraxan komanda olduğunu düşünmürəm. Daha çox qol vurmağı bacaran kollektivdir".

Qurbanov ev oyunlarını ölkə xaricində oynamağın çətinliyini də qeyd edib: “Makkabi” ilə görüş çətin oldu. Xeyli sayda zədəlilərimiz var. Bir aydan çoxdur ki, futbolçularımızı istədiyimiz perfomansda saxlaya bilmirik. “Vilyarreal”la görüşdən sonra Bakıya qayıdıb, “Sivasspor”la matç üçün yenidən Türkiyəyə dönməli olacağıq. Altı matçı səfərdə keçirmək çətindir. Hər 3-4 gündən bir matça çıxmaq və perfomansı qorumaq çətin olacaq. Yorğunluq olacaq. Bu üzdən bəzən gənc futbolçuları da meydana buraxa bilərik. Ola bilər müdafiədə çətinliklərimiz olsun. Əsas heyət üzvü olan iki müdafiəçi zədəlidir. Yenə vaxtımız var ki, “Sivasspor”u analiz edib düzgün taktika seçək”.

"Qarabağ" - "Vilyarreal" matçı sabah Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. Bakı vaxtı ilə saat 21:55-də start veriləcək oyun "CBC Sport"la canlı yayımlanacaq.