Cümə 29.03.2024

F-1: Hemilton növbəti qələbəsini qazandı

F-1: Hemilton növbəti qələbəsini qazandı

İtaliyanın İmola şəhərində təşkil edilən Formula 1 üzrə Emiliyi-Romanyi Qran-prisi britaniyalı pilot Lüis Hemilton üçün əlamətdar olub. Ümumilikdə, 20 sürücüdən 15-i finişə çata bilib ki, onların arasında qalib adına Hemilton sahib çıxıb. İkinci yeri onun komanda yoldaşı Valtteri Bottas, üçüncü yeri isə "Renault"dan Daniel Rikkiardo tutub.

Əldə olunan nəticədən sonra aktivindəki xalları 479-a çatdıran “Mersedes” komandası sona 4 mərhələ qalmış Konstruktorlar Kubokunun qalibi adını qazanıb. Onlar ardıcıl 7-ci dəfə bu titulu qazanmaqla “Ferrari”nin rekordunu təzələyib. İkinci yerdə 226 xalla "Red Bull" qərarlaşıb. "Renault" isə 135 xalla üçüncüdür.

Pilotların mübarizəsinə gəlincə, burada Lüis Hemilton 282 xalla 1-ci, Valtteri Bottas 197 xalla 2-cidir. 3-cü pillədə isə 162 xalla "Red Bull" pilotu Maks Ferstappen qərarlaşıb.

Növbəti Qran-Pri noyabrın 13-15-i aralığında Türkiyədə təşkil ediləcək.