Şənbə 20.04.2024

FIFA ilin ən yaxşılarını açıqladı

FIFA ilin ən yaxşılarını açıqladı

FIFA bu gün müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarını mükafatlandırıb. Koronavirus pandemiyası səbəbindən ilk dəfə onlayn keçirilən "The Best" mükafatlandırılma mərasimi Bakı vaxtı ilə saat 22:00-da başlayıb.

İlin ən yaxşı futbolçusu adına "Yuventus"dan Kriştianu Ronaldu, "Bayern Münhen"dən Robert Levandovski və "Barselona"dan Lionel Messi iddialı idi. Ancaq bu ada polşalı forvard Robert Levandovski sahib çıxıb. O, bu il Almaniya çempionu, ölkə kuboku, ölkə Super Kuboku, Çempionlar Liqası və UEFA Super Kubokunun qalibi olub.

İlin ən yaxşı baş məşqçisi adına namizədlər sırasında göstərilən "Liverpul"lu Yurgen Klopp rəqibləri - "Lids Yunayted"dən Marselo Byelsa və "Bayern Münhen"dən Hans-Diter Fliki üstələyərək "The Best" mükafatını qazanıb.

Digər nominasiyalarda qaliblər bunlardır:

İlin ən yaxşı qadın futbolçusu: Lusi Bronz ("Mançester Siti")

İlin ən yaxşı qadın məşqçisi: Sarina Viqman (Niderland millisi)

İlin ən yaxşı kişi və qadın qapıçısı: Manuel Noyer ("Bayern Münhen") və Sara Buaddi ("Lion")

"Ferents Puşkaş" mükafatının (ilin ən yaxşı qolu) qalibi: Son Hın Min ("Tottenhem")

"Fair Play" mükafatı: Mattia Aqnese (17 yaşlı həvəskar oyunçu toqquşmadan sonra huşunu itirmiş rəqibin həyatını xilas edib.)

Ən yaxşı azarkeş: Marivaldo Fransisko da Silva (O, sevimli klubu "Resife"nin oyununa baxmaq üçün piyada 60 km yol qət edib.)

İlin rəmzi komandası:

Qapıçı: Alisson Beker ("Liverpul", İngiltərə)

Müdafiəçilər: Serxio Ramos ("Real Madrid"), Vircil van Deyk, Trant Aleksander-Arnold (hər ikisi "Liverpul"), Coşua Kimmix ("Bayern Münhen").

Yarımmüdafiəçilər: Alfonso Deyvis ("Bayern Münhen"), Tyaqo Alkantara ("Liverpul"), Kevin De Bröyne ("Mançester Siti").

Hücumçular: Lionel Messi ("Barselona"), Kriştianu Ronaldu ("Yuventus"), Robert Levandovski ("Bayern Münhen")