Cümə 19.04.2024

De Byazi: "Mənim üçün Azərbaycan millisi ilə irəliyə doğru atılan böyük hədəflər var"

De Byazi: "Mənim üçün Azərbaycan millisi ilə irəliyə doğru atılan böyük hədəflər var"

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi İrlandiyanın “İndependent” nəşrinə müsahibə verib. DÇ-2022-nin seçmə mərhələsində eyni qrupda yer alan həm yığmamız, həm də İrlandiya barədə danışan italiyalı mütəxəssis futbolçularımızın qol vurmaqda çətinlik çəkdiyini etiraf etsə də, komanda oyunundan razılığını ifadə edib:

“Hansısa beynəlxalq oyun üçün bir araya gəldiyimiz zaman hazırlaşmaq üçün klubdakı qədər vaxtımız olmur. Mənim üçün Azərbaycan millisi ilə irəliyə doğru atılan böyük hədəflər var. Qol buraxmamağımız çox vacibdir. İndi komandamızda balans var. Böyük hücumçularımız yoxdur, bu da bir problemdir. Ancaq yaxşı təşkilatlanırıq”.

De Byazi irlandların Millətlər Liqasının qrup mərhələsində Uelsə məğlub olduqları (0:1) görüş barədə də fikirlərini bildirib: “Stefan Kenni yığmasında fəaliyyətə məndən dörd ay əvvəl başladı, bir az çox vaxt keçirdi. Amma bu elə də çox deyil. Uelsə qarşı yaxşı oynasalar da, uğursuz bir anda qol buraxdılar. Uelsə uduzsalar da, rəqibdən yaxşı oynadılar. İrlandiyanın oyun üslubunu bəyənirəm. Qələbə qazanmaq üçün çox imkanları oldu. Sadəcə, son ötürmələrdə dəqiqlik çatmırdı. İstənilən halda bu komandanın oyun stilini qiymətləndirirəm. İrlandların İngiltərədə uğurlu çıxış edən futbolçuları var. Məsələn, ikinci qapıçıları “Liverpul”da oynayır. Amma Azərbaycanda belə deyil. “Liverpul” kimi klubda 22 yaşlı qapıçın varsa, ölkən üçün çox yaxşı haldır. İrlandiyanın yeni çalışdırıcı ilə yeni yolda olduğunu bilirəm. Millətlər Liqasındakı son üç oyununuzu və Avro-2020-nin seçmə mərhələ matçlarınızı izlədim. İngiltərə ilə görüşü izlədim, yaxşı komandanız var”.

Portuqaliyanı qrupun favoriti hesab edən 64 yaşlı mütəxəssis ikinci yer uğrunda əsas rəqiblərin İrlandiya ilə Serbiya olacağını qeyd edib: “Portuqaliya, Serbiya və İrlandiya bizim üçün çox güclü üç komandadır. Seçmə mərhələdəki xəyallarımızı gerçəkləşdirməyimiz çox çətin olacaq. Unutmayaq ki, 5-ci səbətdən gəlmişik. Portuqaliya digərlərindən fərqli keyfiyyətdədir. Onlar yalnız Ronaldodan ibarət deyil, Avropanın böyük liqalarında mübarizə aparan oyunçuları var. Buna görə İrlandiya üçün ikinci yer üçün Serbiyanı məğlub etmək olacaq. İrlandiya və Serbiya arasında ikinci yer uğrunda yarış olacaq”.

Millimizin baş məşqçisi ən böyük problemin azərbaycanlı futbolçuların legioner həyatı yaşamamalarını hesab edir: “İrlandiyalı futbolçular İngiltərədə, güclü liqalarda oynayırlar. Mənim oyunçularımın isə hamısı Azərbaycanda çıxış edir. Təbii ki, İngiltərə çempionatları ilə müqayisədə daha aşağı səviyyədədir. Texniki səviyyə qaydasındadır, amma çatışmayan rəqabət səviyyəsidir. Oynamaq üçün ölkədən kənara çıxdığımız zaman böyük problem yaşayırıq”.

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla mübarizə aparacaq.