news-details
Xəbərlər

Qarşısıalınmaz "Qarabağ"!

Bu gün Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulub. VII turun son oyun günündə 2 matç keçirilib.

Əvvəlcə diqqətlər Zirəyə yönəlib. Qəsəbənin eyni adlı klubu turnir cədvəlinin sonuncu pilləsindəki “Qəbələ”ni qəbul edib. Bu komandalar indiyədək milli çempionatda 16 dəfə qarşılaşıblar. Onlardan 4-də qəsəbə, 5-də isə əyalət təmsilçisi qalib gəlib. 7 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Budəfəki oyunda da bərabərlik olub. Qarşılaşmanın 64-cü dəqiqəsində Ülvü İsgəndərov "Qəbələ"ni hesabda irəli çıxarıb. Bundan cəmi 3 dəqidə sonra İlkin Muradov tarazlığı təmin edib.

Turun bağlanış matçında vahid lider “Qarabağ” “Sabah”la üz-üzə gəlib. Bu kollektivlərin əvvəlki 4 görüşündə Ağdam təmsilçisi uduzmayıb - 2 qələbə, 2 bərabərlik. Bugünkü oyunda Qurban Qurbanovun çalışdırdığı kollektiv növbəti qələbəsini qazanıb. Ardıcıl 7-ci qalibiyyətini əldə edən "Qarabağ" 21 xalla liderliyini daha da möhkəmləndirib.

Qeyd edək ki, bu turdan sonra milli komandaların oyunları ilə əlaqədar ölkə çempionatlarında fasilə yaranacaq. Premyer Liqada II dövrəyə oktyabrın 19-da start veriləcək.

Premyer Liqa, VII tur

6 oktyabr (bazar)

“Zirə” – “Qəbələ” - 1:1

Qollar: İ.Muradov, 67 - Ü.İsgəndərov, 64.

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Orxan Məmmədov

Zirə İdman Kompleksinin stadionu

“Qarabağ” – “Sabah” - 2:0

Qollar: M.Qeye, 17. A.Hüseynov, 51.

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Namiq Bəkirov

Tofiq Bəhramov adına Respublika Stadionu

Digər xəbərlər