Şənbə 20.04.2024

Canni De Byazi: “Monteneqro ilə oyunda heyətdə beş dəyişiklik olacaq”

Canni De Byazi: “Monteneqro ilə oyunda heyətdə beş dəyişiklik olacaq”

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində bu gün Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Lalyak-İliç” stadionunda keçiriləcək Azərbaycan – Monteneqro oyunu öncəsi təşkil olunmuş mətbuat konfransında Azərbaycan milli komandanın baş məşqçisi Canni De Byazinin və yığmanın qapıçısı Şahruddin Məhəmmədəliyev fikirlərini bildiriblər:

Canni De Byazi: “Oyun bizim üçün çox önəmlidir. Əvvəlki oyundan öncə də demişdim ki, xalqımız üçün tarixi andır. Çox istəyirəm ki, özümü Azərbaycan xalqının bir hissəsi kimi hiss edim. Meydanda bütün bacarığımızı göstərməyə çalışacağıq. Baxmayaraq ki, kifayət qədər məşq etmək imkanımız olmayıb.

Komandada Təmkin Xəlilzadənin səhhəti ilə bağlı narahatlıq var. Ondan əlavə, Anton Krivotsyuk cəzalı olduğu üçün komandaya kömək edə bilməyəcək. Heyətdə beş dəyişiklik olacaq. Sevindirici haldır ki, milli komandanın iki güclü qapıçısı var. Onlardan əlavə Mehdi Cənnətov və Aydın Bayramovu da qeyd etmək lazımdır. Hamısı bir-biri ilə çox mehribandır və aralarında sağlam rəqabət var.

Burada olduğum müddətdə 27 dəfə məşq keçirmişik. Məni narahat edən məsələ yaratdığımız imkanlardan istifadə edə bilməməyimizdir. Gec-tez bunu da bacaracağıq. Əsas məsələ topu hücum xəttinə, cərimə meydançasına çatdırmaqdır. Bundan əlavə, imkan düşdükcə uzaqdan zərbələr endirməliyik. Bu işlər birdən-birə olmur. Zamanla bu problemi də aradan qaldıracağıq.

Şahruddin Məhəmmədəliyev: “Emil Balayevlə yaxşı həmkar, dost və qardaş münasibətimiz var. Onunla rəqabət aparmaq çətindir. Xalqımızın qələbə qazandığı vacib günlərdə biz də çalışacağıq meydandan qalib kimi ayrılaq”.