Çərşənbə 30.04.2025

Bakıda “Çempionların savaşı” turnirinin açılış mərasimi keçirilib

Bakıda “Çempionların savaşı” turnirinin açılış mərasimi keçirilib

Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdman Nazirliyi və Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutan “Çempionların savaşı” turnirinin açılış mərasimi keçirilib.

Bu gün baş tutan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının prezidenti (FIDE) Arkadi Dvorkoviç, AŞF-nin prezidenti Mahir Məmmədov iştirak ediblər.

Muzeyin direktoru Əminə Məlikova tədbir iştirakçılarını və şahmatçıları salamlayıb:

"Bu gün hamımız üçün vacib gündür. Ölkəmizdə həmçinin "Baku Open-2025" Şahmat Festivalına da start verilib. Xalça Muzeyində isə ilk dəfə "Çempionların savaşı" turniri təşkil olunur".

Ardınca yarışın tanıtım videoçarxı nümayiş olunub.

M.Məmmədov yarış iştirakçılarına uğurlar arzulayıb:

"Təşkilatçılığa görə Milli Xalça Muzeyinə və Mədəniyyət Nazirliyinə təşəkkür edirəm".

A.Dvorkoviç bir məkanda incəsənət və şahmatın bir araya gəldiyini bildirib:

"Ümid edirəm ki, şahmatçılar oyunlarından zövq alacaqlar".

Daha sonra FIDE prezidentinə və Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydına xatirə hədiyyəsi təqdim edilib.

Qeyd edək ki, “Çempionların savaşı” turniri aprelin 30-dək Azərbaycan Milli Xalça Muzeyində təşkil olunacaq. Azərbaycanlı qrossmeyster Rauf Məmmədov özbəkistanlı Rüstəm Kasımcanovla üz-üzə gələcək.

Digər görüşdə Azərbaycan çempionu Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə münasibətləri aydınlaşdıracaq.