Misli Premyer Liqasında XXXII tura yekun vurulub.
Sonuncu matçda "Neftçi" "Sumqayıt"ın qonağı olub.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüş heç-heçə nəticələnib - 2:2.
Meydan sahiblərindən Bobir Abdixolikov (21) və Ronaldo Vaskes (52) fərqlənib. "Neftçi"nin qollarını isə Bassala Sambu (60) və Andrey Ştoqrin (87) rəqib qapısından keçirib.
Bu nəticədən sonra Sumqayıt klubu 30 xalla 8-ci yerdə qərarlaşıb. Xallarının sayını 36-ya yüksəldən “Neftçi” isə altıncı pillədə yer alıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Kəpəz"i minimal hesabla üstələyib. "Turan Tovuz" - "Şamaxı", "Səbail" - "Araz-Naxçıvan" və "Sabah" - "Qarabağ" matçları 1:1 hesabı ilə başa çatıb.