Cümə 09.05.2025

Naxçıvanda “Heydər Əliyev Kuboku” uğrunda futzal turniri keçiriləcək

Naxçıvanda “Heydər Əliyev Kuboku” uğrunda futzal turniri keçiriləcək

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Heydər Əliyev Kuboku” uğrunda futzal turniri keçiriləcək.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futzal Federasiyası (NFF) tərəfindən təşkil olunacaq yarışda 17 komanda 4 qrupda mübarizə aparacaq.

Ötən gün turnirin püşkatma mərasimi reallaşıb. Nazirliyin şöbə müdiri Taleh İbrahimov tədbirdə iştirak edən komanda nümayəndələrini salamlayaraq deyib ki, Ümummili Liderin xatirəsi idman ictimaiyyəti üçün daim əziz tutulur, hər il dahi şəxsiyyətin doğum və anım günləri ilə bağlı silsilə tədbirlər keçirilir. Futzal turnirinin bu baxımdan ənənəyə çevrildiyini vurğulayan şöbə müdiri yarışın önəminə diqqət çəkib.

NFF-nin vitse-prezidenti Arif Xudiyev yarışın ədalətli keçəcəyinə inamını ifadə edib, oyunları Naxçıvandan olan hakimlərin idarə edəcəyini, eyni zamanda qaydalara nəzarətin turnirin Təşkilat Komitəsi tərəfindən həyata keçiriləcəyini iştirakçıların nəzərinə çatdırıb.

Turnirin reqlamenti barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb. Sonra püşkatmaya başlanılıb.

Qeyd edək ki, mayın 10-da start götürəcək turnirin oyunları hər həftənin şənbə günləri İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçiriləcək. Qruplarda ilk iki yeri tutan komandalar pley-off mərhələsində mübarizəni davam etdirəcəklər. Yarışda ilk üç yeri tutacaq komandalara diplom, medal və hədiyyələr, o cümlədən qalibə baş mükafat – “Heydər Əliyev Kuboku” təqdim olunacaq.