Bazar 20.07.2025

İki güləşçimiz reytinq turnirində mükafatçılar sırasına düşüb

İki güləşçimiz reytinq turnirində mükafatçılar sırasına düşüb

Azərbaycanın iki güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində mükafatçılar sırasına düşüb.

Yarışın üçüncü günündə yunan-Roma güləşi üzrə millinin 5 üzvü xalçaya çıxıb.

Ruslan Nurullayev (72 kq) qazaxıstanlı Daniyar Kalenova 5:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Yuri Lomadzeyə müqavimət göstərə bilməyib – 0:10. Təsəlliverici görüşdə norveçli Juan Aakı (6:4) yolundan kənarlaşdıran Ruslan bürünc medal uğrunda qarşılaşmada gürcüstanlı Giorgi Çxikvadzeyə heç bir şans tanımayıb – 9:0.

Gücünü yuxarı çəkidə sınayan Həsrət Cəfərov (72 kq) yarımfinaladək serbiyalı dünya çempionu Ali Arsalanla (2:1) qazaxıstanlı Merey Maulitkanova (5:3) qalib gəlib. Özbəkistanlı Abdulla Aliyevə 3:5 hesabıyla məğlub olan Həsrət biləyindəki zədəyə görə üçüncü yer uğrunda görüşə çıxmayıb.

İslam Abbasov (87 kq) ilk mərhələdə macarıstanlı İstvan Takaçı 3:1 hesabıyla üstələyib. 1/8 final görüşü erkən başa çatıb. Niderlandlı Marsel Sterkenburq zədələndiyi üçün İslam növbəti mərhələyə adlayıb. Norveçli Eksos Mukubunu ilk xal prinsipinə əsasən (1:1) mübarizədən kənarlaşdıran Abbasov yarımfinalda macarıstanlı David Losonçiyə uduzub – 0:4. İslam bürünc medal uğrunda görüşdə serbiyalı Avropa çempionu Aleksandr Komarovdan güclü olub – 5:2.

Beka Kandelaki (130 kq) koreyalı Seunqçan Liyə tam üstünlüklə (9:0) qalib gəlsə də, 1/4 finalda macarıstanlı Dariuş Vittekə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olubsa, zədələndiyi üçün macarıstanlı Koppani Lasloyla təsəlliverici görüşə çıxmayıb.

Onunla eyni çəkidə yer alan Sərxan Məmmədov ABŞ güləşçilərini – Aden Attao (9:0) və Kurtni Frimanı (4:3) mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. Finalın bir addımlığında macarıstanlı Dariuş Vittekə “tuş”la məğlub olan Sərxan bürünc medal uğrunda görüşdə macarıstanlı Koppani Lasloya minimal fərqlə (1:2) uduzub.

Beləliklə, yunan-Roma güləşçilərimiz reytinq turnirinə 2 bürünc medalla start verib.