Cümə axşamı 25.04.2024

“Neftçi” xal fərqini artırdı, “Zirə” məğlubiyyətdən xilas oldu

“Neftçi” xal fərqini artırdı, “Zirə” məğlubiyyətdən xilas oldu

Bu gün Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub. Son oyun günündə də 2 qarşılaşma keçirilib.

Günün ilk matçında turnir cədvəlinin son pilləsində yer alan "Keşlə" "ASK Arena"da "Zirə" ilə üz-üzə gəlib. Komandalar indiyədək ölkə çempionatında 21 dəfə qarşılaşmışdılar. Bunların 6-da meydan sahibləri, 7-də isə qonaqlar qələbə qazanmışdı. 8 görüşdə qalib müəyyənləşməmişdi. Budəfəki oyunda növbəti bərabərlik qeydə alınıb. "Zirə" azlıqda qalmasına baxmayaraq, məğlubiyyətdən xilas olmağı bacarıb.

Turun son oyunu "Bakcell Arena"da "Neftçi" və "Qəbələ" arasında olub. Hazırda turnir cədvəlinə başçılıq edən "ağ-qaralar" görüşdən qalib ayrılmaqla liderliyini möhkəmlədib. Bu, rəqiblər arasında 50-ci oyun olub. İndiyədək 49 matçın 23-ü paytaxt klubunun, 16-sı "qırmızı-qaralar"ın xeyrinə başa çatmışdı. 10 qarşılaşmada isə bərabərlik olmuşdu. Bugünkü matçın taleyini bir qol həll edib. "Neftçi" ikinci hissəyə əlavə olunan vaxtda Emin Mahmudovun qoluna sevinib.

Turun açılış günündə "Səbail" evdə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib, "Qarabağ" isə "Sumqayıt"la səfər matçında qolsuz heç-heçə edib.

Azərbaycan Premyer Liqası

XVI tur

“Keşlə” – “Zirə” - 2:2
Qollar: N.Qurbanov, 19-pen. S.Tounkara, 21 – K.Bauk, 16. D.Volkov, 73.
Qırmızı vərəqə: D.Çantakias, 60.
Hakimlər: Elçin Məsiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASK Arena”.

“Neftçi” –“ Qəbələ” - 1:0
Qol: E.Mahmudov, 90+4.
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bakcell Arena”.