Şənbə 20.04.2024

Çempionlar Turu: şahmatçılarımız üçün uğursuz gün

Çempionlar Turu: şahmatçılarımız üçün uğursuz gün

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 4-cü mərhələsində ikinci oyun gününə yekun vurulub.

“Magnus Carlsen Invitational” adlanan yarışda Azərbaycan təmsilçiləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov daha 5 görüş keçiriblər.

Məmmədyarov 6-cı turda FİDE bayrağı altında çıxış edən Alireza Firuzcaya, 7-ci turda Maqnus Karlsenə, 8-ci turda ispaniyalı David Antona uduzub. 9-cu turda isveçli Nils Qrandeliusa qalib gələn Şəhriyar, 10-cu turda da Niderland təmsilçisi Aniş Giriyə məğlub olub.

Teymur isə günü qələbəsiz başa vurub. O, ilk 3 partiyada ABŞ-dan olan Hikaru Nakamura, niderlandlı Yorden van Forest və fransalı Maksim Vaşye-Laqravla sülh bağlayıb. 9-cu turda Alireza Firuzcaya məğlub olan Rəcəbov, 10-cu turda Maqnus Karlsenlə heç-heçə edib.

Turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq.