Şənbə 20.04.2024

Draqan Stoykoviç: "Azərbaycan millisi istənilən komandaya problem yarada bilər"

Draqan Stoykoviç: "Azərbaycan millisi istənilən komandaya problem yarada bilər"

Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla keçirəcəkləri oyundan öncə mətbuat konfransında fikirlərini bölüşüb. Millimizin Portuqaliya ilə oyununu izlədiyini qeyd edən 56 yaşlı mütəxəssis bunları söyləyib:

"Yaxşı təşkilatlanmış komandaya qarşı oynayacağıq. Sabah başabaş oyun gözləyirəm. Rəqib fiziki baxımdan da hazırlıqlıdır. Bizə çətinlik törədəcəyini gözləyirik. Əsas hədəfimiz qalibiyyət olacaq.

Futbolda faciə anlayışını qəbul etmirəm. Keyfiyyəti və oyun üslubunu göstərmək üçün kifayət qədər şansın var. Məğlubiyyət də oyunun bir hissəsidir. Amma final mərhələsinə getmək istəyiriksə, qalib gəlməliyik.

Bilirik ki, sabah keyfiyyətli komandaya qarşı oynayacağıq. Azərbaycan millisi istənilən komandaya problem yarada bilər. Lakin sabah 3 xal qazanacağımıza inanıram".

Martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Serbiya matçı saat 20:00-da start götürəcək və "CBC Sport"la canlı yayımlanacaq.