Çərşənbə 24.04.2024

Avropa çempionatı: Cüdoçumuz bürünc medal qazandı

Avropa çempionatı: Cüdoçumuz bürünc medal qazandı

Portuqaliyanın paytaxtı Lissabon şəhərində cüdo üzrə Avropa çempionatına start verilib. 45 ölkənin idmançılarının mübarizə apardığı beynəlxalq yarışda Azərbaycanı 9 cüdoçu təmsil edir.

Qitə çempionatının ilk günü mill komandamız aktivinə bir bürünc medal yazdırıb. Azərbaycan cüdoçusu Kəramət Hüseynov 1/16 finalda Nikolae Foka (Moldova), 1/8 finalda Mihraz Akkusu (Türkiyə) mübarizədən kənarlaşdırıb. Sonra idmançımız 1/4 finalda ispaniyalı Fransisko Garrigos ilə dueldən məğlub ayrılıb. Təsəlliverici görüşdə İtaliya təmsilçisi Angelo Pantano ilə üz-üzə gələn Kəramət mübarizədən qalib ayrılıb.

60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz 3-cü yer uğrunda qarşılaşmada Bolqarıstanı təmsil edən Yanislav Gerçevlə qarşılaşıb. Rəqibinə qalib gələn Kəramət Hüseynov Avropa çempionatının bürünc medalını qazanıb. Bu gün mübarizəyə qoşulan digər 2 idmançımız - Orxan Səfərov və Nicat Şıxəlizadə (hər ikisi 66 kq) ikinci mərhələdə mübarizəni dayandırıblar.

Qeyd edək ki, Avropa çempionatına aprelin 18-də yekun vurulacaq.