Cümə 29.03.2024

Azərbaycan Kubokunda finalçılar müəyyənləşdi

Azərbaycan Kubokunda finalçılar müəyyənləşdi

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Günün ilk matçında "Qarabağ" "Sumqayıt"ı qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçın əsas və əlavə vaxtı ilk qarşılaşmadakı kimi qolsuz başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Sumqayıt” tarixində 2-ci dəfə finala yüksəlib.

Digər oyunda isə "Zirə" ilk matçda 2:1 hesabı ilə qalib gəldiyi "Keşlə"ni qəbul edib. Qarşılaşmanın əsas vaxtı qonaqların 2:1 hesablı üstünlüyü ilə bitib. "Zirə" ilk görüşdə 2:1 qələbə qazandığından, matçda əlavə vaxt oynanılıb. Əlavə vaxtda tərəflər hərəyə bir dəfə fərqlənsə də, “Keşlə” duelin qalibi olub və tarixində 6-cı dəfə ölkə kubokunun finalına vəsiqə qazanıb.

Komanda həlledici matçda "Sumqayıt"la üz-üzə gələcək. Final oyunu mayın 24-də "Bank Respublika Arena"da gerçəkləşəcək.

Azərbaycan Kuboku, yarımfinal

Cavab oyunları

“Qarabağ” – “Sumqayıt” - 0:0 (penaltilər 4:5)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu.
İlk oyun - 0:0

“Zirə” – “Keşlə” - 2:3
Qollar: Ş.Əliyev, 48 (avtoqol). K.Bauk, 111 – S.M.Kolli, 66; 90+1-pen; 92.
Qırmızı vərəqələr: futbolçular Lazar Corceviç, Sərtan Taşkın, baş məşqçi Rəşad Sadıqov, məşqçi Eltun Yaqublu
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu.
İlk oyun - 2:1