Cümə 19.04.2024

Gənclər və idman naziri Azad Rəhimov vəfat edib

Gənclər və idman naziri Azad Rəhimov vəfat edib

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov dünyasını dəyişib.

Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. 1971-ci ildə Səbail rayonunda 134 nömrəli tam orta məktəbin birinci sinifinə daxil olub və 1981-ci ildə oranı bitirib. 1981-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna qəbul olub və 1986-cı ildə oradan ingilis dili müəllimi ixtisası üzrə məzun olmuşdur.

Azad Rəhimov 1984-cü ildən 1986-cı ilə qədər Xətai rayonunda 245 nömrəli tam orta məktəbdə Komsomol Komitəsində vəzifəsində çalışıb. 1986-1987-ci illərdə sovet ordusu sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Ordudan təxris olunduğdan sonra 1987-ci ildən 1989-cu ilə qədər Azərbaycan SSR Lenin Komsomolu Gənclər İttifaqının Xətai Rayon Komitəsində şöbə müdiri vəzifəsində, 1989-1990-cı illərdə Azərbaycan SSR Gənclər İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.

1994-1998-ci illərdə "Ros-İMESKO" Məhdud Məsuliyyəti Cəmiyyətinin rəhbəri vəzifəsində, 1998-2006-cı illərdə isə "Italdizain" Qapalı Tipli Səhmdar Cəmiyyətinin rəhbəri vəzifəsində çalışıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 7 fevral 2006-cı il tarixli sərəncamına əsasən Azərbaycanın gənclər və idman naziri vəzifəsinə təyin olunub.

Azad Rəhimovun idman və gənclərlə iş üzrə fəaliyyəti yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni, 24 iyul 2019-cu il tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Azad Rəhimov ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat edib.

"CBC Sport" televiziya kanalı Azad Rəhimovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və Azərbaycanın idman ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!