Cümə 26.04.2024

İtaliya millisi ikiqat Avropa çempionu oldu

İtaliya millisi ikiqat Avropa çempionu oldu

Avropa çempionatına yekun vurulub. Qitə birinciliyinin finalında İtaliya və İngiltərə yığmaları üz-üzə gəlib.

Londondakı “Uembli” stadionunda təşkil olunan həlledici görüşü Niderlanddan olan FIFA referisi Byörn Kuypers idarə edib.

Matçda hesabı ingilislər açıb. Amma italyanlar ikinci hissədə buraxılan qolun əvəzini çıxıblar. Əsas vaxt heç-heçə bitib. Əlavə vaxtda da hesab dəyişmədiyindən, qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən İtaliya yığması tarixində ikinci dəfə Avropa çempionu olub.

İtaliya millisinin qapıçısı Canluici Donnarumma turnirin ən yaxşı futbolçusu seçilib.

AÇ-nin ən yaxşı gənc futbolçusu isə İspaniya millisinin yarımmüdafiəçisi Pedri seçilib. 18 yaşlı futbolçu bu qitə birinciliyində 629 dəqiqə meydanda olub.

Ən yaxşı bombardir isə Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu olub. O, vurduğu 5 qolla bu ada layiq görülüb. Çexiya yığmasından Patrik Şik də eyni sayda fərqlənməyə müvəffəq olub. Lakin Ronaldo Şiki əlavə göstəricilər hesabına üstələyib.

AVRO-2020, Final

11 iyul

İtaliya – İngiltərə - 1:1 (penaltilər 3:2)
Qollar: L.Bonuççi, 67 – L.Şou, 2.
Baş hakim: Byörn Kuypers (Niderland).
London. “Uembli” stadionu.