Çərşənbə axşamı 30.04.2024

Qurban Qurbanov: "Hamımız qələbə gözləyirik"

Qurban Qurbanov: "Hamımız qələbə gözləyirik"

Avropa Liqasının qrup mərhələsinin III turunda sabah Kipr APOEL-i ilə üz-üzə gələcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oyunöncəsi mətbuat konfransı keçirilib. Tofiq Bəhramov adına Respublika stadionunda jurnalistlər qarşısına çıxan təcrübəli mütəxəssis əvvəlcə bunları söyləyib:

"Bizim üçün hər oyun vacibdi. Onlardan biri də sabahkı görüşdü. Əlbəttə, hamımız qələbə gözləyirik. Hər zaman intizamlı oyun göstərməyə çalışırıq. Pis hazırlaşmamışıq. Mahir və Romero komanda ilə məşqlərə başlayıb. Amma son qərarı sabahkı məşqdən sonra verəcəyik. “18-lik”də olmaq ehtimalları çoxdu".

Çalışdırıcı bu oyunun “Qarabağ”ın qrupdan çıxmaq şansına necə təsir edəcəyinə də münasibət bildirib: "Əvvəlki turdakı nəticələri də gördünüz. APOEL-in evdə məğlub olmasını heç kim gözləmirdi. Məncə, bu oyuna görə fikir bildirmək düzgün olmaz. Düşünürəm ki, son tura qədər mübarizə gedəcək. Hər üç komandanın qrupdan çıxmaq şansı var.

"Eyni komanda ilə avrokubokda bir mövsümdə üçüncü dəfə qarşılaşmaq nə dərəcədə çətindi?" sualına isə Qurbanov belə cavab verib:

"Psixoloji cəhətdən üstün cəhətləri var. Mənfi tərəfləri də var. Hər iki komanda üçün asan olmayacaq. Hər iki komanda bir-birini daha yaxından tanıyır, yaxşı analiz edə bilər. Həddən artıq istəkli olmalıyıq. Üstünlüyü bunda axtarmalıyıq. Oyun üslubumuzu yaxşılaşdırmalı və istəyimizi də artırmalıyıq. Çempionatda bir rəqibə qarşı eyni mövsümdə 4 dəfə qarşılaşırıq. Məcburuq ki, bu dəfə daha ciddi yanaşaq".