Cümə axşamı 18.04.2024

Mövsümün ilk Azərbaycan derbisində "Qarabağ" qələbə qazandı

Mövsümün ilk Azərbaycan derbisində "Qarabağ" qələbə qazandı

Bu gün Azərbaycan Premyer Liqasında III tura yekun vurulub. Son oyun günündə 2 görüş keçirilib.

Günün ilk matçı "ASCO Arena"da "Səbail" və "Sumqayıt" komandaları arasında olub. Rəqiblər indiyədək ölkə çempionatında 14 dəfə üz-üzə gəlmişdilər. Bu qarşılaşmaların 5-də meydan sahibləri, 7-də isə qonaqlar qələbə qazanmışdı. 2 görüş heç-heçə yekunlaşmışdı. Budəfəki duelin taleyini bir qol həll edib. Cabir Əmirli "Səbail"ə mövsümdə ikinci qələbəni qazandırıb.

Turun mərkəzi oyunu "Bakcell Arena"da baş tutub. Son çempion "Neftçi" ötən mövsümün gümüş mükafatçısı "Qarabağ"ı qəbul edib. Bu oyun komandalar arasında Premyer Liqada 84-cü derbi kimi tarixə düşüb. Əvvəlki 83 qarşılaşmada Ağdam klubunun aşkar üstünlüyü var. "Qarabağ" 30 oyunda qələbə qazanıb, "Neftçi" 23 görüşdə rəqibini məğlub edib. 30 oyunda isə qalib müəyyənləşməyib. 3 qolun qeydə alındığı bugünkü oyunda "Qarabağ" qalib gəlib.

Qeyd edək ki, ötən gün keçirilən matçlarda "Qəbələ" "Sabah"a, "Zirə" isə "Keşlə"yə qalib gəlib.

Azərbaycan Premyer Liqası

III tur

12 sentyabr

“Səbail” – “Sumqayıt” - 1:0
Qol: C.Əmirli, 64
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Elçin Məsiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“ASCO Arena”.

“Neftçi” – “Qarabağ” - 1:2
Qollar: E.Mahmudov, 47 – V.İbrahima, 21; 45
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Kamal Umudlu
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bakcell Arena”.