Çərşənbə 02.07.2025

Canni De Byazi: "Qrupda sonuncu olduğumuz üçün mən günahkaram"

Canni De Byazi: "Qrupda sonuncu olduğumuz üçün mən günahkaram"

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində bu gün Bakı Olimpiya Stadionunda keçirilmiş Azərbaycan – İrlandiya (0:3) oyunundan sonra təşkil olunmuş mətbuat konfransında hər iki milli komandanın baş məşqçisi fikirlərini bölüşüb:

Canni De Byazi: (Azərbaycan milli komandasının baş məşqçisi): "Oyuna fərqli formada hazırlaşmışdıq. Erkən qol buraxmağımız planlarımızı pozdu, komandanı əsəbiləşdirdi. Bundan sonra gərəksiz geri ötürmələr etdik. İlk hissənin statistikasına baxsaq, üstünlük bizim tərəfimizdə idi. Fasilədən sonra da yaxşı qol imkanlarımız oldu. Təbii ki, əvəzetmələrdən sonra balans pozudu. Nəticədə 3-cü qolu buraxdıq. Bəxtsizlik amili də var. Bəzi zədəlilərimizin olduğunu nəzərə alsaq, yaxşı oynadıq. Rəqibə çətinlik yaşatdıq. Hesabı bilməyən adam bizim qalib gəldiyimizi düşünərdi. 90 dəqiqə yaxşı oyun göstərməyimizdən razı qaldım. Sadəcə, nəticə ədalətsiz oldu. Yaxşı qol imkanları yaratsaq da, istifadə edə bilmədik. Futbolçularıma dedim ki, başınızı dik tutun. Təbii ki, bütün məsuliyyət mənimdir. Qrupda sonuncu olduğumuz üçün mən günahkaram. Səbrli olmaq lazımdır. Bu cür işləri birdən-birə görmək olmaz. Proses yavaş-yavaş gedir. Gənc futbolçularımız inkişaf etməlidir. Albaniya milli komandası ilə başlayanda da vəziyyət belə idi. Sadəcə, orada futbolçuların çoxu ölkə xaricində çıxış edirdi. Millidə nəticələr yaxşılaşdıqca, oyunçular daha yaxşı klublara keçdilər. Addım-addım irəliləməliyik. Bir neçə futbolçumuzun ölkə xaricinə getməsi bizə xeyirdir. Çempionatda 8 komanda var, onların isə yarısı legionerdir. Uduzmağa nifrət edirəm. Serbiyada bizi ağır matçın gözlədiyini bilirik. Amma oraya yaxşı nəticə üçün gedəcəyik".

Stiven Kenni (İrlandiya milli komandasının baş məşqçisi): "Qalib gəlmək önəmli idi. Seçmə mərhələdə belə nəticələr tez-tez olmur. Azərbaycan çox təhlükəli rəqibdir. Amma səfərdə bu hesabla qalib gəlmək çox gözəldir. İlk hissədə vurduğumuz 2 qol vəziyyətimizi yaxşılaşdırdı. İkinci hissədə çox ağıllı oynadıq. 3-cü qolu daha tez vura bilərdik, amma sonuncu dəqiqədə vurduq. Komandada inkişaf gedir. Hazırda əlimizdəki oyunçulara uyğun futbol nümayiş etdiririk. Bunun məntiqi nəticəsi kimi, bu gün əla oynadıq və qələbə qazandıq".