Çərşənbə 24.04.2024

Draqan Stoykoviç: “Azərbaycan millisi bizə problem yarada biləcək yaxşı komandadır”

Draqan Stoykoviç: “Azərbaycan millisi bizə problem yarada biləcək yaxşı komandadır”

Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. O, təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Futbol çox dəyişib, hamı yaxşı futbol sərgiləyir. Qarşıdakı matçda da qələbə qazanmaq lazımdır. Amma bu, heç də asan deyil. Futbolda hər şey önəmlidir. Ən əsası isə yaxşı oynamaq və qalib gəlməkdir. Kifayət qədər hücumçu ilə oynayacağıq. Oyunu ciddiyə alırıq. Bu, hər baxımdan ən əhəmiyyətli matçlardan biridir. Azərbaycan millisi bizə problem yarada biləcək yaxşı komandadır”.

Serbiya yığmasının yarımmüdafiəçisi Filip Kostiç isə müasir futbolda zəif rəqibin olmadığını qeyd edib:

"Lüksemburq üzərində qələbə bizim üçün çox vacib idi. Qarşıdakı matça da hazırıq. Hər qalibiyyət özünəinamı artırır. Bu, Lissabon səfəri öncəsi çox önəmlidir. Hər bir rəqibə hörmət edirik. Müasir futbolda zəif rəqib yoxdur. Favorit olsaq da, məsuliyyətdən qaçmırıq. Amma bunu meydanda göstərməliyik. Eyni zamanda Portuqaliyanın matçlarını izləyəcək və uğursuzluğuna ümid edəcəyik. Lakin əvvəlcə sabahkı oyunu udmaq lazımdır”.

Sabah Belqradda keçiriləcək Serbiya - Azərbaycan matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. Oyun "CBC Sport"la canlı yayımlanacaq.