Çərşənbə 24.04.2024

AFFA-dan Canni De Byazinin millimizdəki taleyi ilə bağlı açıqlama

AFFA-dan Canni De Byazinin millimizdəki taleyi ilə bağlı açıqlama

Kosovo millisi baş məşqçisi Bernar Şalland ilə yollarını ayırıb. Buna komandanın 2022-ci il dünya çempionatının seçmə mərhələsindəki uğursuz çıxışı səbəb olub. Artıq Kosovo Futbol Federasiyası yeni baş məşqçi axtarışına başlayıb. Namizədlər arasında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin də olduğu bildirilib.

Bu barədə Kosovonun “indeksonlayn” nəşri məlumat yayıb. Mətbu orqan dərc etdiyi xəbərdə italiyalı mütəxəssisin fikirlərinə də yer verib: “Bir aydan sonra AFFA ilə müqaviləmin müddəti başa çatacaq. Amma Kosovo Futbol Federasiyası ilə danışığım olmayıb. Təkliflərə açığam və bu komandaya rəhbərlik etmək mənim üçün xoş olardı".

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla “CBC Sport”a bildirdi ki, Canni de Byazi sözügedən nəşrə açıqlama verməyib. Çalışdırıcı yayılan informasiyanı təkzib edib.

Firuz Abdulla həmçinin millinin baş məşqçisi ilə müqavilə müddətinin uzadılması səlahiyyətinin yalnız İcraiyyə Komitəsində olduğunu, iclasdan sonra Canni De Byazinin taleyinə aydınlıq gələcəyini qeyd edib.

Xatırladaq ki, italiyalı mütəxəssisin Azərbaycan millisi ilə müqaviləsinin müddəti dünya çempionatının seçmə mərhələsinin sonunda başa çatacaq.