Cümə 26.04.2024

“Qarabağ” avrokuboklarda tarixi uğura imza atdı

“Qarabağ” avrokuboklarda tarixi uğura imza atdı

"Qarabağ" bu gün UEFA Avropa Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Ağdam təmsilçisi H qrupundakı 4-cü görüşündə Qazaxıstanda "Kayrat"ın qonağı olub.

Almatı şəhərindəki "Ortalık" stadionunda oynanılan qarşılaşma "CBC Sport"la canlı yayımlanıb. Moldovalı FIFA referisi Dumitri Muntyan idarə etdiyi matç "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ" xallarını 10-a çatdırıraq liderliyə yüksəlib. Qrupun digər oyununda "Bazel" Kiprdə "Omoniya" ilə heç-heçə edib. İsveçrə klubunun aktivində 8 xal var. Bununla da, təmsilçimiz UEFA Avropa Konfrans Liqasında pley-off mərhələsinə vəsiqəni təmin edib.

Qrupda birinci pillədə qərarlaşan Ağdam klubu 2 xalı olan "Omoniya" və 1 xala sahib "Kayrat" üçün artıq əlçatmazdır. Beləliklə, "Qarabağ" avrokuboklarda qrupdan çıxan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

UEFA Avropa Konfrans Liqasında qrup qalibləri birbaşa 1/8 finala yüksəlirlər. 2-ci yeri tutanlar isə Avropa Liqasında öz qrupunu 3-cü sırada tamamlayan kollektivlərlə pley-off matçları keçirəcəklər.

UEFA Konfrans Liqası, qrup mərhələsi, IV tur

4 noyabr

19:30. "Kayrat" (Qazaxıstan) - "Qarabağ"
Hakimlər: Dumitri Muntyan, Andrey Bodyan, Viktor Mardari, Vyaçeslav Banari (Moldova)
Almatı, "Ortalık" stadionu