Şənbə 20.04.2024

Futzal millimiz Belçikaya məğlub oldu

Futzal millimiz Belçikaya məğlub oldu

Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirib.

Joze Alesio Da Silvanın çalışdırdığı yığmamız Borqlon şəhərində Belçika yığmasının qonağı olub. Bakı vaxtı ilə saat 17:00-da başlayan oyun azarkeşlər üçün qapalı keçirilib.

Yüngül zədəsi olan İsa Atayev matçda iştirak etməyib. Yerli hakimlər briqadasının idarə etdiyi qarşılaşma meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan milli komandasının heyətində qolları 17-ci dəqiqədə Vassura, 31-ci dəqiqədə Everton Kardoso və 37-ci dəqiqədə Tyaqo Bolinya vurublar.

Belçika – Azərbaycan yoldaşlıq oyunundan sonra milli komandamızın baş məşqçisi Joze Alesio Da Silva bunları deyib:

“Oyuna yaxşı başlamadıq. Bunun da səbəbi matça gəlməyə az vaxt qalmış dünən verdiyimiz COVİD-19 testinin nəticəsinin açıqlanması və iki oyunçumuzda nəticənin pozitiv çıxmasıdır. Bu məqam psixoloji baxımdan komanda üzvlərinə pis təsir etdi, oyun planımız dəyişdi. Buna görə də başlanğıc uğursuz alındı. Təxminən birinci hissənin 10-cu dəqiqəsindən sonra tədricən oyunumuzu düzəldə bildik.

İkinci hissədə isə daha yaxşı çıxış etdik. Həm müdafiədə, həm də hücumda bir neçə variantları yoxladıq, standartlardan bir neçə ev tapşırığını yerinə yetirdik. Yəni oyunun əhəmiyyəti böyük idi. Rəqibimiz də yaxşı komandadır. Kollektiv şəkildə güclu təsir bağışladılar. Onlar bir gün əvvəl Hollandiya ilə qarşılaşmışdılar və qələbə qazanmışdılar.

Hakimlər də yanlış, birtərəfli qərarları ilə oyunun gedişinə təsir etdilər. Bu qarşılaşma “axsadığımız” məqamları ortaya çıxardı. Görüləsi işlər çoxdur. Qarşıda 4 məşqimiz var və sürətli şəkildə nələrisə düzəltməyə çalışacağıq. Əlbəttə, çətin olacaq, amma əlimizdən gələni edəcəyik”.