Cümə axşamı 28.03.2024

Avropa çempionatı: futzal millimizin heyətində dəyişiklik

Avropa çempionatı: futzal millimizin heyətində dəyişiklik

Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Ötən gün Qroningendə keçirilən hazırlıq prosesi zamanı Maneka zədələnib.

Federasiyadan verilən məlumata görə, komandanın həkimi futzalçının zədəsinin ciddi olduğunu, yarışda iştirak edə bilməyəcəyi ilə bağlı sənədləri UEFA-nın Tibb Komissiyasına təqdim edib.

Komissiya onun başqa futzalçı ilə əvəzlənməsinə icazə verib. Buna görə də Hadi Ahmadı komandaya cəlb olunub. O, bu gün millinin düşərgəsinə qoşulacaq və sabahkı məşqdə iştirak edəcək.

Bu arada yanvarın 16-da Belçikada COVID-19-la bağlı test verən və nəticəsi şübhəli hesab edilən Azərbaycan millisinin üzvü Rafael Vilela dünən yenidən test verib və nəticə neqativ çıxıb. Hazırda Belçikada olan futzalçı tezliklə komandaya qoşulacaq. Testin nəticəsi pozitiv çıxan Eduardo Borges isə bu gün təkrar test verəcək.