Çərşənbə axşamı 04.10.2022

Qadın millimiz BƏƏ-ni 4 cavabsız qolla məğlub etdi

Qadın millimiz BƏƏ-ni 4 cavabsız qolla məğlub etdi

Bakıda təlim-məşq toplanışını davam etdirən qadınlardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoldaşlıq oyununu keçirib.

“Dalğa Arena”da Birləşmiş Ərəb Əmirliklərinin komandası ilə qarşılaşan millimiz 4:0 hesablı qələbə qazanıb. Peritan Bozdağın dubl etdiyi oyunda komandamızın digər qollarını penaltidən Kristina Bakaranadze və Vüsalə Seyfəddinova vurub.

Yığmanın baş məşqçisi Siyasət Əsgərov oyundan sonra fikirlərini bildirib: “Aprel ayında Bosniya Herseqovina və Danimarkaya qarşı iki vacib oyunumuz var. UEFA-nın ayırdığı pəncərədən istifadə edərək iki yoldaşlıq oyunu keçirmək istədik. Oyun təcrübəsi qazanmaq baxımından bu oyunlar əhəmiyyət kəsb edir. Məqsədimiz rəsmi oyunlaradək tam hazır olmaqdır.

Bir həftədən çoxdur təlim-məşq toplanışına başlamışıq. Sevindirici haldır ki, milli üzvləri öz komandalarının heyətlərində mütəmadi oynayırlar, oyun təcrübəsi qazanırlar. Düşünürəm ki, bu oyunlar qarşıdakı rəsmi qarşılaşmalarda bizə çox kömək edəcək”.

Bu komandalar arasında növbəti oyun fevralın 23-də keçiriləcək. Saat 14:00-da start götürəcək matç "CBC Sport"la canlı yayımlanacaq.