Cümə 29.03.2024

Canni De Byazi: "İlk növbədə özümüzə inanmalı və taktiki baxımdan inkişaf etməliyik"

Canni De Byazi: "İlk növbədə özümüzə inanmalı və taktiki baxımdan inkişaf etməliyik"

Sabah Maltada Bakı vaxtı ilə saat 15:00-da keçiriləcək Azərbaycan – Latviya oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında baş məşqçi Canni De Byazi və komandanın kapitanı Maksim Medvedev fikirlərini bölüşüb:

Canni De Byazi: “Əminəm ki, komandam daha yaxşı oyun göstərə bilər. Sabah da bunu göstərməliyik. İlk növbədə özümüzə inanmalı və taktiki baxımdan inkişaf etməliyik. Malta ilə oyunda taktiki problemlərimiz oldu. Futbolçularla bu barədə danışdım. İki məşq keçməyimizin də buna təsiri oldu. Əgər yaxşı oyun göstərsək, futbolçular öz mövqelərində bacardıqlarını edə bilsələr, nəticə qazanmaq mümkün olar. Nə zaman yaxşı oynasaq, topla rahat davransaq, bir-birimizi meydanda dəstəkləsək, hər bir rəqibə qarşı oynaya bilərik. Futbolda mümkün olmayan bir şey yoxdur. Bunun üçün ən əsası özümüzə inanmalıyıq.

Artıq 30 ildir məşqçi kimi işləyirəm. Böyük və kiçik komandalarda çalışmışam. Rəqibdən daha istəkli, aqressiv olmalıyıq. Əgər 3 ötürmə verə bilmiriksə, burada hücum futbolundan söhbət gedə bilməz. Malta ilə oyunda taktiki problemlər ola bilər. Amma texniki çatışmazlıqlar da var idi. Bu baxımdan inkişaf etməliyik. Birinci hissədə 2-3 epizod oldu ki, son ötürmələr düzgün olsaydı, təhlükəli ola bilərdik. Sabah dinamik və gənc komandaya qarşı oynayacağıq. Əvvəlki sistemlə qayıdırıq. Bu üzdən matçdan sonra bəhanə olmayacaq. Sabah hamımız milli forma altında Azərbaycan bayrağı üçün mübarizə aparmalıyıq. Bədavi Hüseynovdan başqa hamı hazırdır. Heyəti görmək üçün tələsməyək, sabahı gözləyək”.

Maksim Mevedev: "Malta ilə oyunda fərqli oyun sistemi ilə çıxış etdik. Bunları lövhədə göstərmək mümkündür, meydanda etmək isə çox çətindir. Çünki hər bir futbolçu həmin situasiyanı dərk etməlidir. Bəzi məqamlarda futbolçular tapşırıqları düzgün yerinə yetirməyəndə xaos yaranır. Heç kim belə olmasını istəmirdi.

İrlandiaya qarşı daha yaxşı hücumlar qururduq. Malta onlardan səviyyəcə aşağı olsa da, biz ikinci nömrə kimi oynayırdıq. Uşaqlar bir-birini başa düşə, uyğunlaşa bilmirdilər. Bəzən meydanda xaos yaranırdı. Psixoloji və media tərəfdən üstümüzə hücumlar gəlir. Bəzi futbolçular sosial şəbəkələrə baxır, təzyiqləri qəbul edə bilmirlər. Rahat çıxsalar, Maltaya 2-3 qol vurarlar. Elə oyunlar olur ki, gah eniş, gah artım olur. 90 dəqiqəni eyni səviyyədə keçirmək lazımdır".