Cümə 30.09.2022

AÇ-də daha 4 medal: Eldəniz Əzizli çempion oldu

AÇ-də daha 4 medal: Eldəniz Əzizli çempion oldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatı davam edir. Yarışın 6-cı günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Bu gün Azərbaycanın da son 5 yunan-Roma güləşçisi döşək üzərinə çıxıb.

Murad Məmmədov (60 kq) ilk görüşdə ispaniyalı Daniel Bobilloya tam üstünlüklə qalib gəlib - 8:0. Məmmədov 1/4 finalda moldovalı Vitali Yeriomenkonu yolundan kənarlaşdırıb - 6:1. Murad yarımfinalda türkiyəli Kerem Kamala uduzub - 0:8. Həmyerlimiz bürünc medal uğrunda güləşəcək. Rəqib Razvan Arnaut (Rumıniya) - Helari Maeqisalu (Estoniya) görüşünün qalibi olacaq.

Həsrət Cəfərov (67 kq) 1/8 finalda almaniyalı Vitalis Lazovskidən güclü olub - 9:1. Cəfərov növbəti mərhələdə polşalı Mateuş Bernatek 5:2 hesabıyla məğlub edərək adını yarımfinala yazdırıb. Həsrət finalın bir addımlığında türkiyəli Murat Firara məğlub olub - 0:2. Cəfərov serbiyalı Sebastyan Nadla bürünc medal üçün güləşəcək.

Ülvü Qənizadə (72 kq) ilk görüşdə almaniyalı Samuel Belşeidi xalçadan məyus yola salıb - 5:1. Qənizadə 1/4 finalda bolqar Deyvid Dimitrovla mübarizə aparıb. Qarşılaşmanın gedişində 0:4 hesabıyla geridə olan pəhləvanımız möhtəşəm geri dönüş edərək tam üstünlüklə qalib gəlib - 13:5. Ülvü yarımfinalda gürcü Şmaqi Bolkvadzeyə 1:4 hesabıyla məğlub olub. Güləşçimiz bürünc medal görüşünə çıxacaq. Rəqib Leos Drmola (Slovakiya) - Kristupas Sleyva (Litva) qarşılaşmasının qalibi olacaq.

Rafiq Hüseynovun (82 kq) startda çexiyalı Petr Novakı 5:1 hesabıyla üstələyib. Hüseynov 1/4 finalda macar Tamaş Levayla qarşılaşıb. Görüşün taleyini təcrübəli pəhləvanımızın ilk hissədə etdiyi uğurlu fənd müəyyənləşdirib - 2:0. Rafiq final yolunda moldovalı Mixail Braduya da gücünü göstərib - 2:0. Beləliklə, titullu güləşçimiz 3-cü dəfə Avropa çempionatının finalına yüksəlib. Hüseynov həlledici görüşdə gürcü Gela Bolkvadze olacaq.

Murat Lokyayev (97 kq) 1/8 finalda finlandiyalı Arvi Savolaynenlə bacarmayıb - 1:7. Ancaq rəqib finala yüksəldiyi üçün millimiz üzvü 3-cü yer uğrunda mübarizə aparmaq şansı əldə edib. Lokyayev təsəlliverici görüşdə yunan Laokratis Kesidislə qarşılaşacaq.

Bu gün həmçinin Azərbaycanın 5 yunan-Roma güləşçisi medal görüşünə çıxıb.

Eldəniz Əzizli (55 kq) və Taleh Məmmədov (63 kq) finalda Gürcüstan təmsilçiləri ilə qüvvəsini sınayıb. İdmançılar müvafiq olaraq Nuqzari Tsurtsumia və Leri Abduladze ilə görüşüblər. Eldəniz karyerası boyunca dəfələrlə qalib gəldiyi rəqibi növbəti dəfə məğlubiyyətə uğradaraq (8:2) dörd illik fasilədən sonra ikinci dəfə Avropa çempionu olub. Mükafatlandırma mərasimində güləşçilərə medalları Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin Büro üzvü Namiq Əliyev və Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə təqdim edib. Taleh isə həlledici görüşdə rəqibinə 1:3 hesabıyla məğlub olaraq Avropa çempionatını gümüş medalla başa vurub.

Sənan Süleymanov (77 kq) təsəlliverici görüşlərdə iştirak edib. Litvalı Mantas Sinkeviçyusa ilk hissədə tam üstünlüklə (8:0) qalib gələn Süleymanov bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Həmyerlimiz həlledici görüşdə isveçli Albin Olofssonla qarşılaşıb və 5:0 hesablı qələbəylə Avropa çempionatının bürünc medalına sahib çıxıb.

İslam Abbasov (87 kq) bürünc medal qarşılaşmasında Yohan Dimitrovla (Bolqarıstan) qarşılaşıb. Güləşçimiz 5:1 hesablı qələbəylə Avropa üçüncüsü olub.

Beka Kandelaki (130 kq) isə bürünc medal uğrunda Dariuş Attila Vitek (Macarıstan) ilə üz-üzə gəlib. 1:4 hesabıyla uduzan Azərbaycan təmsilçisi medalsız qalıb.

Xatırladaq ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub.

Qadın güləşçilərdən isə Elis Manolova (65 kq) gümüş medala sahib çıxıb.