Şənbə 20.04.2024

"Çelsi" "Real Madrid"ə, "Bayern Münhen" "Vilyarreal"a uduzdu

"Çelsi" "Real Madrid"ə, "Bayern Münhen" "Vilyarreal"a uduzdu

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Gecənin maraqla gözlənilən matçı İngiltərədə turnirin son qalibi "Çelsi" ilə "Real Madrid" arasında keçirilib. Görüş qonaqların qələbəsi ilə bitib. "Kral klubu"nun heyətində het-trik edən Kərim Benzema sözügedən turnirdə ardıcıl ikinci oyunda 3 dəfə fərqlənməyi bacarıb. Bundan əlavə, cari mövsüm qitənin ən nüfuzlu klub turnirində aktivində 11 qol olan Benzema bir mövsüm ərzində 10-dan çox qol vuran ilk fransız futbolçu kimi tarixə keçib.

Gecənin digər matçında "Bayern Münhen" İspaniyada turnirin sürpriz komandası "Vilyarreal"ın qonağı olub. Əvvəlki raundda İtaliya nəhəngi "Yuventus"u mübarizədən kənarlaşdıran La Liqa təmsilçisi növbəti sensasiyaya imza atıb. "Sarı sualtı qayıqlar" tək qolla Münhen klubuna qalib gəlib. Bu, Bundesliqa təmsilçisinin cari mövsüm Çempionlar Liqasında ilk məğlubiyyəti olub. Komanda həmçinin, bu mövsüm ilk dəfə meydanı qol vurmadan tərk edib.

Komandalar arasında cavab oyunları aprelin 12-də olacaq.

UEFA Çempionlar Liqası, 1/4 final

İlk oyunlar

6 aprel

"Çelsi" - "Real Madrid" - 1:3
Qollar: Kay Haverts, 40 - Kərim Benzema, 21; 24; 46
Baş hakim: Kleman Türpen (Fransa)

"Vilyarreal" - "Bayern Münhen" - 1:0
Qol: Danjuma, 8
Baş hakim: Entoni Teylor (İngiltərə)