Cümə 29.03.2024

Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinin iclasında çıxış edib

Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinin iclasında çıxış edib

AFFA-nın icraçı vitse-prezidenti, UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) sədri Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinin iclasına videokonfrans formatında qoşularaq rəhbərlik etdiyi komitənin illik fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib.

AFFA-nın saytının verdiyi xəbərə görə, məruzədə digər məsələlərlə yanaşı UEFA Avropa Konfrans Liqası çərçivəsində bu il fevralın 24-də keçirilmiş “Qarabağ” – “Marsel” oyununda qeydə alınmış fair play hadisəsi xüsusi olaraq UEFA İcraiyyə Komitəsinin üzvlərinin diqqətinə çatıdırılıb.

Xatırladaq ki, “Qarabağ” – “Marsel” oyununda Ağdam təmsilçisinin vurduğu qol hakim tərəfindən qeydə alınmış, baş məşqçi Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirmiş və qol qərarı ləğv edilmişdi.

Bu məsələ UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) martın 14-də keçirilən iclasında da müzakirə olunmuşdu.